ABŞ Qarabağ ətrafında intensiv döyüşlərdən, həmçinin insan tələfatı və yaralanmalarıyla bağlı xəbərlərdən olduqca narahatdır. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirilib.
Prays Birləşmiş Ştatların bölgədə baş verənləri diqqətlə izlədiyini qeyd edib. O, gərginliyi azaltmaq və vəziyyəti daha da dərinləşdirməmək üçün təcili addımlar atmağın zəruriliyini vurğulayıb.
Dövlət Departamentinin rəsmisi münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin əhəmiyyətli olduğunu nəzərə çatdırıb.
Bundan əvvəl Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Toyvo Klaar da Qarabağda baş verənlərdən narahat olduqlarını bildirmişdi.
"Son günlər Ermənistan və Azərbaycan arasında gərginliyin artması haqqında məlumatlar məni narahat edir. Avropa İttifaqı sülh prosesində daha yaxından iştirak etmək niyyətindədir", - deyə o bildirmişdi.
Avropa İttifaqının Xarici siyasət rəhbəri Jozep Borrel də döyüşləri dərhal dayandırmağa çağırıb.
Qarabağdakı separatçı qurum regionda vəziyyətin sabitləşdiyini deyir.
Avqustun 4-də verilən məlumata görə, sporadik atışmaya baxmayaraq, “Rusiya hərbi komandanlığının vasitəçiliyi ilə vəziyyəti sabitləşdirmək üçün addımlar atılır”.
Avqustun 3-də toqquşmalarda hər iki tərəf itki verib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistanın Dağlıq Qarabağdakı qeyri-qanuni birləşmələrinin Azərbaycanın Laçın rayonundakı mövqelərinə atəş açdığını, əsgər Anar Kazımovun şəhid olduğunu bildirib.
Müdafiə Nazirliyinin bəyanatına görə, erməni qüvvələri Laçın və Kəlbəcər rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək, orada yeni döyüş mövqeləri qurmağa cəhd göstəriblər.
Azərbaycan ordusu bölmələri isə “qisas” əməliyyatı keçirərək Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb. Nazirlik havadan zərbə nəticəsində alışan hərbi texnikanın videosunu yayıb.