ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib və siyahıya Alina Kabayevanı, bir neçə rus oliqarxını, habelə Rusiya hakimiyyəti tərəfindən bu vəzifələrə təyin edilmiş bir neçə işğal olunmuş Ukrayna şəhərinin rəhbərlərini daxil edib.
Ümumilikdə sanksiya siyahısında 13 nəfər var. Onların arasında:
1) "Fosaqro"-nun keçmiş baş direktoru Andrey Qriqoryeviç Quryev və oğlu Andrey Quryev;
2) Maqnitoqorsk Dəmir-Polad Zavodunun rəhbəri Viktor Raşnikov (şirkətin özü də sanksiyalara məruz qalıb);
3) Beynəlxalq gübrə istehsalçısı "Evroxim" və kömür-enerji şirkəti SUEK-in keçmiş rəhbəri Andrey Melniçenko;
4) Boru Metallurgiya Şirkətinin Direktorlar Şurasının keçmiş sədri, "Sinara Qrupu" QSC-nin sahibi və sədri Dmitri Pumpyanski;
5) Rusiya tərəfindən təyin olunmuş Xerson vilayətinin işğal administrasiyasının rəhbəri və müavini Vladimir Saldo və işğaldan sonra Rusiya hakimiyyəti tərəfindən bu vəzifəyə təyin edilmiş Mariupol şəhərinin “meri” Konstantin İvaşenko Kirill Stremousov;
6) "Novorossiysk Dəniz Ticarət Limanı" ASC və "Şeremetyevo Beynəlxalq Hava Limanı" ASC-nin İdarə Heyətinin keçmiş sədri Aleksandr Ponomarenko;
7) Qabaqcıl Sənaye və İnfrastruktur Texnologiyaları ASC-nin baş direktoru Anton Urusov;
8) Ümumrusiya Sambo Federasiyasının prezidenti Sergey Eliseyev;
9) Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevin həyat yoldaşı, Putinin qızı Yekaterina Tixonovanın rəhbərlik etdiyi İnnopraktika təşkilatında "layihə təşəbbüskarı" kimi də tanınan Natalya Popova.
Sanksiyaya məruz qalan hüquqi şəxslər arasında "Skolkovo" Fondu və Texnoparkı və Skolkovo Elm və Texnologiya İnstitutu "Skoltex" də var.
Bədii gimnastika üzrə olimpiya çempionu olan Alina Kabayevanın prezident Vladimir Putinin sevgilisi olduğu iddia edilir. Yazın sonundan Milli Media Qrupunun direktorlar şurasına da rəhbərlik edən Kabayeva artıq Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiya siyahısındadır. “The Wall Street Journal” aprel ayında ABŞ rəsmilərinin Putinin Kabayevaya qarşı sanksiyalara “aqressiv reaksiya verəcəyi” qorxusu barədə yazmışdı.
Bundan əvvəl Kanada Ukraynadakı müharibə ilə əlaqədar Rusiya hərbi rəhbərliyinin üzvlərinə və müdafiə müəssisələrinə qarşı sanksiyaları genişləndirib.
Kanada hökumətinin saytında yayılan məlumatda deyilir ki, “qara siyahı”ya daha 43 nəfər və 17 hüquqi şəxs Kiyevətrafı Buçada baş verən “dəhşətli hadisələr” də nəzərə alınmaqla daxil edilib.
“Dünya ictimaiyyətinin kobud hərəkətləri dayandırmaq çağırışına baxmayaraq, Rusiya rejimi mənasız müharibəni davam etdirir”, - mesajda vurğulanır.
Kanada hökuməti sanksiyaların sərtləşdirilməsini “Rusiya hərbi maşınına” təzyiqi artırmaq cəhdi adlandırıb.
Kanadanın yeni sanksiyalarına əsasən, “Almaz” və “Salyut” tədqiqat və istehsal şirkətləri, “Horizont” səhmdar cəmiyyəti və Permdəki “Maşinostroitel” zavodu daxildir. Rəsmi Ottava bildirib ki, Ukraynada dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyir və beynəlxalq hüququn bütün pozuntularının hərtərəfli araşdırılmasını təmin etmək üçün əlindən gələn bütün vasitələrdən istifadə edəcək.
Buçadakı döyüşlər və digər şəhərlərin təxminən bir ay davam edən Rusiya tərəfindən işğalı zamanı bir neçə yüz dinc sakin həlak olub. Onların bəzilərinin atışma zamanı öldüyü, bəzilərinin isə Rusiya hərbçiləri tərəfindən qəsdən öldürüldüyü iddia edilir. Ukrayna hakimiyyəti və Beynəlxalq Cinayət Məhkəməsi Buçadakı hadisələri mümkün hərbi cinayətlər və insanlığa qarşı cinayətlər üçün araşdırır.