Yerli icra hakimiyyətləri ehtiyacı olan şəxslərə sosial xidmət və dəstək göstərirmi?

Yerli icra hakimiyyətləri ehtiyacı olan şəxslərə sosial xidmət və dəstək göstərirmi?
2 İyul 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci ildə imzaladığı fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yerli icra hakimiyyətlərinin üzərinə bir sıra ciddi vəzifələr qoyurdu ki, onlardan da biri Əsasnamənin 4.6.10-cu maddəsinə uyğun olaraq, müəyyən yaşayış yeri olmayan vətəndaşlara, cəzaçəkmə müəssisələrindən çıxmış şəxslərə, məcburi köçkünlərə sosial xidmət və sosial dəstək göstərilməsi ilə bağlı tədbirlər idi.

Ancaq Əsasnamə ilə müəyyən edilmiş bu vəzifələrin nə qədər icra olunması ilə bağlı suallar hələ də qalmaqdadır.

AbzasMedia bu istiqamətdə suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının bütün yerli icra hakimiyyəti orqanlarına sorğu ilə müraciət edib. Bir çox icra hakimiyyəti sorğuları cavabsız qoysa da, cavablandıran qurumların məlumatında məsələnin nə yerdə olduğunu qismən aydınlaşdırmaq olub.

Şəki Şəhər İcra Hakimiyyətindən sorğuya cavab olaraq bildirilib ki, müəyyən yaşayış yeri olmayan vətəndaşlar, cəzaçəkmə müəssisələrindən çıxmış şəxslər, məcburi köçkünlər olmaqla ümumilikdə 90 nəfər şəxsə Şəki İcra Hakimiyyəti aparatında yaradılmış birdəfəlik yardım komissiyası tərəfindən maddi dəstək göstərilib, yaşayış yeri olmayan 10 nəfər mənzil növbəsinə götülüb.

Binəqədi, Füzuli, Ucar Rayon İcra Hakimiyyətlərindən isə statistika açıqlanmasa da, bu istiqamətdə müəyyən addımların atıldığı bildirilib.

Bəs görəsən, real vəziyyət necədir? AbzasMedia buna cavab tapmaq üçün hüquqşünas Yalçın İmanovun fikrini öyrənib.

Hüquqşünas Yalçın İmanov deyir ki, bu məsələlər əsasən “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Yalçın İmanov, hüquqşünasYalçın İmanov, hüquqşünas

Onun sözlərinə görə, qanunla nəzərdə tutulan bu tədbirlərə cəza çəkməkdən azad edilmiş şəxslərin qeydiyyata alınması, onlarla hazırlıq işlərini aparılması, sosial adaptasiya mərkəzlərinin yaradılması, daimi yaşayış sahəsi olmayan şəxslərin bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin edilməsi, cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirlərin həyata keçirilməsi, təhsil almalarına şərait yaradılması, şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi, cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımın göstərilməsi daxildir.

Hüquqşünas deyir ki, həmin qanunun 5.1-ci maddəsində qeyd olunur ki, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Onun sözlərinə görə, qanun 5-ci maddəsinin tətbiqilə bağlı Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli fərmanı var.

“Bu qanunun reallıqda tətbiq edilməsilə bağlı müsbət düşünmək mümkün deyil. Çünki tez-tez cəza çəkməkdən azad edilmiş şəxslərin maddi-məişət və sosial problemlərlə üz-üzə qaldığını görürük. Bunlardan əsası şəxsiyyət vəsiqəsi əldə etmək, iş tapmaq və yaşayış yeri ilə təmin edilməkdir. Eləcə də digər psixoloji adaptasiya dəstəyi məsələsi ilə bağlı problemlər yaşayırlar. Buna və öz praktikamdakı işlərə əsaslansam, demək olar ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan tədbirlərin icrası çox yarıtmaz vəziyyətdədir. Ona görə də düşünürəm ki, icra hakimiyyətləri bu istiqamətdə fəaliyyət planı hazırlayıb ciddi işlər görməlidirlər. Çünki azadlığa çıxandan sonra iş, yaşayış yeri tapa bilməyən, digər hüquqları təmin olunmayan keçmiş məhbusların bir çox hallarda cinayət törədib yenidən həbsxanaya qayıtmaqdan başqa yolları qalmır”, - deyə hüquqşünas Yalçın İmanov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun