Tofiq Yaqublu quru sərhədlərinin açılması tələbi ilə aksiya keçirməyə hazırlaşır

Tofiq Yaqublu quru sərhədlərinin açılması tələbi ilə aksiya keçirməyə hazırlaşır
7 İyul 2022
Mətni dəyiş

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu ölkənin quru sərhədlərinin açılması tələbi ilə iyulun 13-də dinc etiraz aksiyası keçirməyə hazırlaşır. Bu barədə T.Yaqublu öz Facebook səhifəsində məlumat paylaşıb.

"Bizdən kütləvi aksiyalar tələb edən və gözləyən dostlar, başlayırıq. 13.07.2022 tarixinə saat 12.00-yə Nazirlər Kabinetinin binası qarşısında “Ölkənin quru sərhədlərini açın” tələbilə dinc etiraz piketi keçiriləcək. Təşəbbüs mənə aid olduğundan şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubunu da özüm yazmışam. Bu, başlanğıcdır və həm də cəmiyyətin kütləvi dinc etiraz aksiyalarına nə qədər hazır olduğunu yoxlamaq üçün bir testdir. Quru sərhədlərin çox absurd olaraq bağlı saxlanması əhalinin kifayət qədər böyük hissəsinə ciddi problem yaradır. Hakimiyyətin haqsızlıqlarına və özbaşınalıqlarına etiraz etmək isə, təkcə bu cür hallardan əziyyət çəkən vətəndaşların deyil, bütün cəmiyyətin borcudur. Sizlərdən bu məsələyə biganə qalmamağı və həmin günədək bu vacib aksiyaya dəstək verməyinizi xahiş edirəm. Biz demokratik Azərbaycan qurmağa borcluyuq və quracıq!", paylaşımda qeyd olunub.

Azərbaycan 2020-ci ilin martında Covid-19 virusu yayılarkən pandemiyanın qarşısının alınması məqsədilə ölkə sərhədlərini gediş-gəlişə bağlayıb.   

Daha sonra müxtəlif ölkələrlə hava yolları vasitəsilə gediş-gəliş mərhələli şəkildə bərpa olunsa da, hökumət Türkiyə ilə Azərbaycan arasındakı Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi istisna olmaqla, digər qonşu ölkələrlə - İran, Rusiya və Gürcüstanla quru sərhədləri bağlı saxlayıb.

Bu ilin iyulun 1-də Nazirlər Kabineti tərəfindən qəbul edilmiş yeni qərara əsasən isə Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb. Səbəb kimi pandemiya göstərilib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun