Ombudsman Aparatı rəsmi qurumlarla bağlı şikayətlərə niyə baxmır?

Ombudsman Aparatı rəsmi qurumlarla bağlı şikayətlərə niyə baxmır?
18 İyul 2022
Mətni dəyiş

AbzasMedia aprelin 28-də “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də nəzərdə tutulan fəaliyyətin nə qədər icra olunmasına dair müvafiq suallarla bütün yerli icra hakimiyyəti orqanlarına müraciət edib. 

Müraciətdən 7 iş günü keçdikdən sonra əksər icra hakimiyyəti orqanları sorğuya cavab vermədiyi üçün iyunun 1-də cavab alınmasına kömək edilməsi ilə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevaya müraciət edilib. 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsi Ombudsmana sorğuçuların müraciətləri əsasında müvafiq orqanlara göndərilən sorğular üzrə cavabların alıması ilə bağlı, cavab alınmaqdıqda isə müvafiq protokol tərtib etməklə bağlı müstəsna səlahiyyətlər verir. 

Ombudsmana etdiyimiz müraciətdən sonra qurumun aparatından əlaqə saxlayıb elektron qaydada göndərilməsinə baxmayaraq, göndərilən sorğuların imzalanmalı olduğunu bildirdilər və poçta göndərməyi tövsiyyə etdilər. Poçtla göndərilmənin əsaslı tələb olmadığını bildirdik, ancaq sorğuları imzalayıb yenidən müraciət etdik. Daha sonra, yenidən əlaqə saxlayıb bildirdilər ki, sorğuların icra hakimiyyəti orqanlarına çatması ilə bağlı fakt təqdim etməliyik. Biz isə bildirdik ki, sorğular elektron göndərilib, çatmayan sorğularla bağlı geri bildiriş verilir, ancaq bu məktubların hamısı çatıb. Qeyd etdik ki, hətta buna baxmayaraq, Ombudsman şikayətimiz əsasında icra hakimiyyətlərinə müraciət edib sorğunu ala bilməsə, yenidən hüquqi məsuliyyət yaranır. Xahiş etdik ki, bizim şikayətimizi nəzərə alıb belə etsinlər. Ancaq yenə bildirdilər ki, biz məktubun çatmasını təsdiqləməliyik. 

Bundan sonra “Gmail.com”-un da sahibi olan “Google” şirkətinin özünün proqram təminatından istifadə edərək məktubları yenidən göndərdik və artıq burada mesajların çatması və oxunması ilə bağlı faktı da təqdim etməklə, Ombudsmana yenidən müraciət etdik. 

Bundan sonra iyulun 14-də Aparatdan əlaqə saxlayıb bildirdilər ki, belə qəbul edə bilmirik, məktubları poçtla göndərin. Biz qanunla elektron müraciət edə biləcəyimizi bildirəndən sonra isə Ombudsman aparatının qəbul günlərini və saatını deyib, problemi dinləmək üçün qəbula dəvət etdilər. 

Beləliklə, Ombudsman Aparatı iyunun 1-də edilən ilk müraciətin üzərindən 40 gündən  çox vaxt keçməsinə baxmayaraq, şikayət üzrə səlahiyyətlərinə uyğun addım atmadı. 

Bununla bərabər, Gənclər və İdman Nazirliyinə göndərilən sorğu ilə bağlı iyun ayının 21-i cavab olduğunu bildirsələr də, ancaq mətbuat xidmətinə müraciət etdikdən sonra iyul ayının 13-ü cavab ala bildik. 

Bu süründürməçilik və bürokratik əngəllər onu deməyə əsas verir ki, ilk olaraq Ombudsman qanunla üzərinə düşən vəzifələri yerinə yetirmir. Düşünürük ki, bu formada fəaliyyətsizlik jurnalistlərin, vətəndaşların dövlət qurumlarını sorğulamasından çəkindirmək, əlavə problemlər yaratmaqdır və Ombudsmana müraciət etmək praktikasına son qoymağa hesablanıb. 

Sorğuların alınması ilə bağlı səlahiyyətlərini yerinə yetirə bilməyən Ombudsmanın insan hüquqları mövzusunda hansı effektiv addımlar ata, problemləri həll edə bilər? 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun