Naxçıvan MR Azərbaycan Respublikasının qanunlarına niyə tabe olmur?

Naxçıvan MR Azərbaycan Respublikasının qanunlarına niyə tabe olmur?
18 İyul 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci ildə imzaladığı fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yerli icra hakimiyyətlərinin üzərinə bir sıra ciddi vəzifələr qoyurdu.

Əsasnamədə qeyd olunurdu ki, müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanması, müəyyən yaşayış yeri olmayan vətəndaşlara, cəzaçəkmə müəssisələrindən çıxmış şəxslərə, məcburi köçkünlərə sosial xidmət və sosial dəstək göstərilməsi, istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına seçiciləri qəbul etmək üçün zəruri avadanlıqla təchiz olunmuş otaqlar ayrılmasını təşkil etmək, qəbulun aparılacağı yer və vaxt barədə sakinləri məlumatlandırmaq, icra hakimiyyətinin fəaliyyətinə dair illik hesabatın açıqlanması, Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlanmasında və onların həyata keçirilməsi icra hakimiyyətlərinin vəzifə öhdəlikləridir.

AbzasMedia bu istiqamətdə fəaliyyətlə bağlı məlumat almaq üçün aprelin 28-də Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində yerləşən bütün icra hakimiyyətlərinə sorğu ilə müraciət edib. Göndərilən sorğuların üzərindən 7 iş günü keçsə də, sorğular cavablandırılmayıb.

Buna görə də, 6 iyunda sorğulara cavab alınması ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bayramova Ülkər İmamqulu qızına müraciət edilib. Ancaq Ombudsman Aparatı da müraciəti cavabsız qoyub.

Beləliklə, ümumilyyətlə Naxçıvandan heç bir fəaliyyətlə bağlı informasiya almaq mümkün olmayıb.

Naxçıvan Muxtar Respublikasının demək olar ki, bütün rəsmi internet resursları keyfiyyətsiz proqram təminatı vasitəsilə hazırlanıb və saytlardan istifadə olduqca çətindir.

Bəs görəsən, Naxçıvan Muxtar Respublikası da Azərbaycan Respublikasının informasiya qanunvericiliyinə tabedirmi?

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Naxçıvan inzibati ərazi vahidi olaraq Muxtar Respublika olsa da, orada Azərbaycan Respublikasının qanunları tam qüvvədədir. Onun sözlərinə görə, Naxçıvanın yerli qanunları ancaq Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunlarına zidd olmayan formada ola bilər.

Ələsgər Məmmədli, hüquqşünas

"Azərbaycan Respublikasının 50-ci maddəsi və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanunun tələbləri bütün Azərbaycan ərazisində hüquqi qüvvəyə malikdir, o cümlədən də, Naxçıvan Muxtar Respublikası ərazisində. Naxçıvan Muxtar Respublikasının bütün icra hakimiyyətləri qanunvericiliyə uyğun olaraq informasiya sahibi hesab edildikləri üçün informasiya sorğularına tam əhatəli və 7 iş günündən gec olmayaraq cavab verməlidirlər", - deyə hüquqşünas bildirib.

Ələsgər Məmmədli deyir ki, icra hakimiyyətlərinin cavab verməməsi hüquqi məsuliyyət yaradır.

Onun sözlərinə görə, cavab verməyən orqanlarla bağlı məhkəməyə müraciət etmək olar.

"Məhkəməyə müraciət edərək bu orqanların üzərinə informasiya sorğusuna cavab vermək öhdəliyi qoydura bilərsiniz. Bununla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinə də (Ombudsman) müracət etmək olar. Ombudsman vasitəsilə sizə lazım olan sorğuların cavablandırılmasını tələb edə bilərsiniz. Zamanında sorğuya cavab verməmək, yaxud natamam cavab vermək və ya ümumiyyətlə cavab verməmək hər biri ayrı-ayrılıqda inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (374-cü maddə) bununla bağlı inzibati məsuliyyət müəyyən edib. İnzibati məsuliyyət üçün müraciət etmək səlahiyyəti isə Ombudsmana verilib”, deyə Ələsgər Məmmədli əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun