Masallı rayon sakini: “Deputat rayona nə vaxt gəlir-gedir, xəbərimiz olmur”

Masallı rayon sakini: “Deputat rayona nə vaxt gəlir-gedir, xəbərimiz olmur”
15 İyul 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci ildə imzaladığı fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yerli icra hakimiyyətlərinin üzərinə bir sıra ciddi vəzifələr qoyurdu ki, onlardan da biri Əsasnamənin 4.1.18-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına seçiciləri qəbul etmək üçün zəruri avadanlıqla təchiz olunmuş otaqlar ayrılmasını təşkil etmək, qəbulun aparılacağı yer və vaxt barədə sakinləri məlumatlandırmaqdır.

Ancaq Əsasnamə ilə müəyyən edilmiş bu vəzifələrin nə qədər icra olunması ilə bağlı suallar hələ də qalmaqdadır. AbzasMedia bu istiqamətdə suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının bütün yerli icra hakimiyyəti orqanlarına sorğu ilə müraciət edib. Bir çox icra hakimiyyəti sorğulara cavab verməsə də, cavablandıran qurumların məlumatında məsələnin nə yerdə olduğunu qismən aydınlaşdırmaq olub.

Füzuli Rayon İcra Hakimiyyətindən sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisinin Füzuli rayonundan seçilmiş deputatına Horadiz şəhərində daimi, qəbul keçirəcək digər yaşayış məntəqələrində isə zəruri avadanlıqlarla təmin edilmiş zəruri otaqlar ayrılıb, qəbul keçiriləcəyi yer və vaxt barədə sakinlər mütəmadi olaraq məlumatlandırılıb.

Qeyd olunub ki, əgər gələcəkdə belə bir müraciət daxil olarsa, qanunvericiliyə uyğun olaraq tərəfimizdən istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəkdir.

Ucar, Xətai, Binəqədi, Xəzər Rayon İcra Hakimiyyəti, eyni zamanda Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu istiqamətdə zəruri addımlar atılır və vətəndaşlar məlumatlandırılır.

Bəs görəsən, real vəziyyət necədir? AbzasMedia buna cavab tapmaq üçün sorğu keçirib və millət vəklinin fikrini öyrənib.

Masallı rayonundan olan Elton Dadaşov deyir ki, ümumiyyətlə deputat rayona nə vaxt gəlir, nə vaxt gedir, xəbərləri olmur.

Biləsuvar rayonundan olan Savalan Zeynalov deyir ki, ümumiyyətlə deputatları kimdir, tanımır.

Füzuli rayonundan olan Ramin Əhmədov deyir ki, ümumiyyətlə bu cür görüşləri geniş ictimaiyyətdən gizli saxlamağa çalışırlar.

Sorğu iştirakçısı olan digər rayon sakinlərindən Emin Eyvazov, Tərlan Türkel və Vüsal Qənbərov da bildirib ki, görüşlər keçiriləndə onlara xəbər verilmir.

Millət vəkili Vüqar İsgəndərov deyir ki, deputatların təmsil olunduqları rayonlarda ofisləri olur və görüşlərin keçirilməsilə bağlı bütün işləri icra hakimiyyətləri həll edir.

Millət vəkili Vüqar İsgəndərov

Onun sözlərinə görə, 2022-ci ildən etibarən bu məsələrdə müsbət mənada yenilik var.

“Sonuncu seçkilərdən sonra parlament işinə bir neçə yeniliklərlə başladı. Bunlardan biri parlament daxilində icra hakimiyyətlərilə iş şöbəsinin yaradılması oldu. Həm mərkəzi, həm də yerli icra hakimiyyətlərilə münasibətlər tənzimlənir. Şöbə hər hansısa problem yarandıqda operativ olaraq fəaliyyətə keçib bunu icra hakimiyyəti orqanı ilə birlikdə həll etməyə çalışır”.

Millət vəkili deyir ki, seçildiyi 113 saylı Şəki Şəhər Seçki Dairəsində bu məsələlər yaxşı tənzimlənir.

Onun sözlərinə görə, hətta rayon icra hakiminin müavini də görüşlərdə iştirak edir.

“Mən qəbullarımı rayonda Heydər Əliyev Mərkəzində xüsusi təchiz olunmuş salonda keçirirəm. İcra başçısının müavini də görüşlərdə iştirak edir. Bu da seçicilərin qaldırdıqları məsələlərin yerindəcə həll edilməsinə kömək olur. Yəni, narazılıq yoxdur və bu istiqamətdə lazım olan işlər həyata keçirilir”, - deyə millət vəkili bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun