İqtisadçı: “Ərzaq təhlükəsizliyi adı ilə dövlət büdcəsindən külli miqdarda pul xərcləyirlər”

İqtisadçı: “Ərzaq təhlükəsizliyi adı ilə dövlət büdcəsindən külli miqdarda pul xərcləyirlər”
25 İyul 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci ildə imzaladığı fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yerli icra hakimiyyətlərinin üzərinə bir sıra ciddi vəzifələr qoyurdu ki, onlardan da biri Əsasnamənin 4.3.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlanmasında və onların həyata keçirilməsində iştirak etmək idi.

Ancaq Əsasnamə ilə müəyyən edilmiş bu vəzifələrin nə qədər icra olunması ilə bağlı suallar hələ də qalmaqdadır. AbzasMedia bu istiqamətdə suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının bütün yerli icra hakimiyyəti orqanlarına sorğu ilə müraciət edib. Bir çox icra hakimiyyəti sorğulara cavab verməsə də, cavablandıran qurumların məlumatında məsələnin nə yerdə olduğunu qismən aydın olur.

Binəqədi Rayon İcra Hakimiyyətindən sorğuya cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramına əsasən qida məhsullarının təhlükəsizliyinə və minimum keyfiyyət göstəricilərinə dair tələblərin normalaşdırılmasına, məhsulların sertifikatlaşdırılmasının təkmilləşdirilməsinə, qida zənciri mərhələlərində fəaliyyət göstərən subyektlərin qeydiyyata alınması və dövlət reyestrinin aparılmasına, qida təhlükəsizliyinin təmin edilməsində təsərrüfat subyektlərinin rolunun və məsuliyyətinin artırılmasına, eləcə də qida təhlükəsizliyi sahəsində risklərə əsaslanan dövlət nəzarəti sisteminin formalaşdırılması istiqamətində görülən tədbirlərin daha sistemli və intensiv həyata keçirilməsi Qida Təhlükəsizliyi Agentliyinin balansındadır.

Qeyd olunub ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.3.2-ci maddəsinə əsasən aidiyyəti orqanlardan müraciət daxil olduğu təqdirdə Rayon İcra Hakimiyyəti tərəfindən monitorinqlərin və tədbirlərin keçirilməsində iştirak təmin olunur.

Ancaq Əsasnamədə qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlanmasında iştirak da icra hakimiyyətinin vəzifəsidir.

Şəki Şəhər İcra Hakimiyyəti isə cavabda qeyd edib ki, son 1 il ərzində şəhər ərazisində yerləşən iaşə obyektlərində, ərzaq mağazaları və mehmanxanalarda Qida Təhlükəsizlik Agentliyi ilə birlikdə monitorinqlər aparılıb və marifləndirmə işləri görülüb.

Ucar və Xətai Rayon İcra Hakimiyyəti bu istiqamətdə addımların atıldığını, Xəzər Rayon İcra Hakimiyyəti isə müraciət daxil olarsa addımların atılacağını bildirib.

Bəs görəsən, real vəziyyət necədir?

İqtisadçı ekspert Elçin Rəşid deyir ki, ümumiyyətlə bu məsələ ilə bağlı yanaşma yanlışdır. Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi dedikdə, keyfiyyətə nəzarət nəzərdə tutulmamalıdır.

İqtisadçı ekspert Elçin Rəşid

“Ərzaq təhlükəsizliyi dedikdə onun miqdarı və əlçatımlılığı nəzərdə tutulur, keyfiyyət bura daxil deyil. Çünki ərzaq təhlükəsizliyi və qida təhlükəsizliyi fərqli istiqamətlərdir. Dövlət proqramında aparılan eyniləşdirmə düzgün deyil”, - deyə Elçin Rəşid bildirib.

İqtisadçı deyir ki, hər şeyi ərzaq təhlükəsizliyi mövzusuna daxil edib dövlət büdcəsindən maliyyələşən icra hakimiyyətlərini də əsassız şəkildə yükləyirlər.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi məsələsini bu qədər şişirtmək və bütün icra strukturlarını buna cəlb etmək yararsız işdir.

“Dövlət ərzaq təhlükəsizliyi məsələsini çox qabardır, demək olar əksər məhsulları ərzaq təhlükəsizliyi səbətinə daxil ediblər və bu istiqamətdə inkişaf adı ilə dövlət büdcəsindən külli miqdarda pul xərcləyirlər. Kənd təsərrüfatına kobud müdaxilələr edirlər ki, nəyi istehsal etmək lazımdır, nəyi yox. Bu kobud müdaxilələr də iqtisadiyyatı kiçildir. Hansı ki, dövlət qida təhlükəsizliyi sahəsində daha həssas olmalıdır, orada isə liberal yanaşma var. Hər kəs istədiyi məhsulu keyfiyyətsiz şəkildə istehsal edib dövriyyəyə buraxır və bununla bağlı ciddi tədbirlər görülmür. Ümumilikdə isə ərzaq təhlükəsizliyi və qida təhlükəsizliyi fərqli istiqamətlərdir, bunları hansısa proqramda eyniləşdirib bütün icra strukturlarına yükləmək yanlışdır”, - deyə iqtisadçı ekspert Elçin Rəşid bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun