İyulun 19-da dövlət başçısı İlham Əliyev Avropa parlamentinin Beynəlxalq məsələlər komitəsinin sədri Devid Makalisterin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Rəsmi məlumata görə, Əliyev Azərbaycanı "əsassız" tənqid edən Avropa parlamentinin mövqeyindən narazılığını bildirib.
“Uzun müddət idi ki, Avropa Parlamentindən Azərbaycana nümayəndə heyəti gəlmirdi. Yadımdadır, sonuncu nümayəndə heyəti 2018-ci ildə gəlib. Səmimi desək, mən Azərbaycana səfərinizi planlaşdırdığınızı eşidəndə hətta bir az təəccübləndim”.
İlham Əliyev son 5 ildə cənab MakAlisterlə görüşün baş tutmamasının səbəbini “Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi” ilə əlaqələndirib.
Ölkə başçısı bəzi avroparlamentarilərin Azərbaycanla bağlı mövqeyini “tamamilə əsassız” hesab edib.
“Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edildi. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətəuyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni müharibə bitəndən ilyarım sonrakı vaxta təsadüf edir”, – Əliyev belə deyib.
İlham Əliyev qeyd edib ki, müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən Qarabağa çoxsaylı səfərlər olub:
“Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olublar. Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər. Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılıb. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər. Hazırda biz səfərlər təşkil edirik və Azərbaycanın hər bir vətəndaşı Şuşanı, Füzulini və Ağdamı ziyarət edə bilər”.
“Hər kəs erməni vandalizminin, barbarlığının miqyasını görə bilər. Belə şəraitdə Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır. Əfsuslar olsun, bu, baş verdi. Bilirəm ki, nümayəndə heyətinizin bir çox üzvü həmin qətnamənin lehinə səs verib. Bu isə tamamilə əks-nəticə verən addımdır. Birincisi, bu, yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır. İkincisi, bu o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki siz yəqin bilirsiniz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı tarixi var və xüsusilə hazırda əlaqələr çox uğurla inkişaf edir”, – deyə o bildirib.
Prezident bildirib ki, Avropa Parlamenti Ermənistanla müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir:
“Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Təəccübləndiyimi deyəndə mən məhz bunu nəzərdə tuturdum”.
Devid MakAlister nümayəndə heyətinə parlamentin altı üzvünün daxil olduğunu vurğulayaraq deyib ki, həftə boyu onlar Gürcüstana, daha sonra isə Ermənistana səfər edəcəklər:
“Səfərimiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərə verdiyimiz əhəmiyyətin göstəricisidir. Bu münasibətlər hazırkı tarixi dəyişiklik dönəmində özünü daha aşkar şəkildə büruzə verir”. // Meydan TV