İcra hakimiyyətləri istehlakçıların hüquqlarının qorunması istiqamətində hansı addımlar atır?

İcra hakimiyyətləri istehlakçıların hüquqlarının qorunması istiqamətində hansı addımlar atır?
7 İyul 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci ildə imzaladığı fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yerli icra hakimiyyətlərinin üzərinə bir sıra ciddi vəzifələr qoyurdu ki, onlardan da biri Əsasnamənin 4.5.2.5-ci maddəsinə uyğun olaraq, istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq idi.

Ancaq Əsasnamə ilə müəyyən edilmiş bu vəzifələrin nə qədər icra olunması ilə bağlı suallar hələ də qalmaqdadır.

AbzasMedia bu istiqamətdə suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının bütün yerli icra hakimiyyəti orqanlarına sorğu ilə müraciət edib. Bir çox icra hakimiyyəti sorğuları cavablandırmasa da, cavablandıran qurumların məlumatında məsələnin nə yerdə olduğunu qismən anlamaq olub.

Binəqədi Rayon İcra Hakimiyyətindən sorğuya cavab olaraq bildirilib ki, istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq icra hakimiyyətinin vəzifə öhdəliyi olsa da, əksər hallarda istehlakçılar özləri birbaşa məhkəməyə müraciət edir.

Qeyd olunub ki, əgər gələcəkdə belə bir müraciət daxil olarsa, qanunvericiliyə uyğun olaraq tərəfimizdən istehlakçıların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəkdir.

Ucar və Xətai Rayon İcra Hakimiyyəti, eyni zamanda Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, ötən dövr ərzində icra hakimiyyətində bu istiqamətdə müraciət daxil olmayıb, daxil olduğu təqdirdə hüquqi addımlar atılacaq.

Bəs görəsən, real vəziyyət necədir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ümumiyyətlə yerlərdə bu istiqamətdə heç bir fəaliyyət yoxdur. Onun sözlərinə görə, xaricdə bu praktika olsa da, Azərbaycanda yoxdur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

“Bir neçə il əvvəl layihə çərçivəsində Türkiyədə təcrübə mübadiləsində oldum. Məlum oldu ki, orada bələdiyyələrə müəyyən vəsaitə qədər olan hallar olduqda istehlakçıların hüquqlarının qorunması ilə bağlı səlahiyyət verilib. Azərbaycanda isə bu istiqamətdə demək olar ki, heç bir təcrübə yoxdur”, - deyə Eyyub Hüseynov bildirib.

Azad İstehlakçılar Birliyinin sədri deyir ki, 24 rayonda şöbələrinin olmasına baxmayaraq, qanunvericiliyin yaratdığı bu imkanlardan istifadə edə bilməyiblər.

Onun sözlərinə görə, bu sahədə heç bir müsbət uğur yoxdur.

“İnsanlar regionlardan cənab prezidentə, vitse-prezidentə müraciət edirlər və şikayətlərinin bir üzünü də mənə göndərirlər. Hətta bir şikayət var ki, Milli Məclisin sədrinə müraciət ediblər, Milli Məclisin sədri də şikayətdə göstərilən məsələlərin həll edilməsi üçün şikayəti mənə göndərib, icra hakimiyyətinə yox. Yəni, icra hakimiyyətlərinin bu istiqamətdə heç bir fəaliyyəti yoxdur”, - deyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun