Qondarma Donesk Xalq Respublikasında əsir saxlanılan Britaniya vətəndaşı Pol Uri iyulun 10-da “xroniki xəstəliklərdən” dünyasını dəyişib. Bu barədə “DXR”in “ombudsmanı” Daria Morozova məlumat verib.
"Qeyd edirəm ki, beynəlxalq təşkilatlar, eləcə də Böyük Britaniyanın rəsmi nümayəndələri (o cümlədən Xarici İşlər Nazirliyi, Rusiya Federasiyasındakı səfirlik, Britaniya parlamentinin üzvləri) Pol Urinin tutulması faktı ilə bağlı məlumatlandırılıblar. Həmçinin onun xahişi ilə müvafiq məlumat xarici mediaya ötürülüb, lakin Böyük Britaniyadan heç bir reaksiya gəlməyib”, - o, teleqram kanalında yazıb.
Morozova onu da əlavə edib ki, hərbi əsir “xəstəlik və stress səbəbindən” dünyasını dəyişib. Onun sözlərinə görə, ona “müvafiq tibbi yardım” göstərilib.
O, Əfqanıstan, İraq, Liviya və Ukraynada döyüşmüş, “hərbi əməliyyatlara rəhbərlik edən və Ukrayna qoşunları üçün muzdluları cəlb edən və öyrədən “peşəkar hərbçi” idi”, “DXR” sözçüsü bildirib. Uri aprel ayında "DXR" qüvvələrinin nəzarətində olan nəzarət-buraxılış məntəqəsini keçmək istəyərkən ələ keçirilib.
Mərhum edama məhkum edilən britaniyalı məhbuslar arasında olmayıb.
İyunun 9-da “DXR” hakimiyyəti Ukrayna qoşunlarının tərkibində Donbass ərazisində döyüşmüş üç xarici vətəndaşı – mərakeşli Brahim Saadun və britaniyalı Ayden Aslin və Şon Pinneri ölüm cəzasına məhkum edib. Onlar “hakimiyyəti ələ keçirməyə və DXR-in konstitusiya quruluşunu devirməyə yönəlmiş hərəkətlər törətməkdə” ittiham olunublar.
Böyük Britaniya da daxil olmaqla bir sıra Avropa ölkələri hökmə etiraz edərək, onun ləğvini tələb ediblər. “DXR” liderləri və bir sıra Rusiya rəsmiləri, o cümlədən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, hökmü və ya mübadilə şərtlərini nəzərdən keçirmək üçün heç bir səbəb görmədiklərini söyləyib.
İyulun 1-də "DXR" rəsmiləri daha iki Britaniya vətəndaşına - Dilan Hilli və Endryu Hillə qarşı bənzər ittiham irəli sürdüklərini açıqlayıblar. Bundan əvvəl iki ABŞ vətəndaşının saxlanılması barədə məlumat yayılmışdı. Söhbət 27 yaşlı Endi Hune və 39 yaşlı Aleksandr Drukdan gedir. Rusiya iki amerikalını hərbi əsir deyil, Ukrayna tərəfində vuruşan muzdlular hesab edir. Qondarma “LXR” və “DXR”-də onları ölüm cəzası da gözləyir.
Müharibənin əvvəlində Ukrayna ölkənin Rusiya işğalından müdafiəsinə kömək etmək istəyən digər ölkələrin vətəndaşları üçün “Xarici legion” yaradıb.