Deputatın şirkətinin 9,4 milyon manat vergi borcu var

Deputatın şirkətinin 9,4 milyon manat vergi borcu var
22 İyul 2022
Mətni dəyiş

Son günlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi borcunu vaxtında ödəməyən sahibkarların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəmələrə çoxsaylı müraciətlər edib.

Misal olaraq, 15 iyul 2022-ci il tarixində Vergi Xidməti tərəfindən sahibkarlara qarşı Bakı Kommersiya Məhkəməsində 20-dən çox iddia qaldırılıb. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istənilən sahibkarların vergi borcu bəzən 10 min manatdan aşağı olur.

Ölkədən çıxışına qadağa qoyulması istənilən iş adamlarından biri “VMR” şirkətlər qurupunun rəhbəri Vüsal Həsənovdur. Vüsal Həsənovun rəhbərlik etdiyi "VMR Estetik Gəncə” MMC-nin  (VÖEN: 1404163161) dövlət büdcəsinə 5419,88 manat, "VMR Medical Center” MMC-nin (VÖEN: 1403025661) isə 2637,98 manat vergi borcu var.

Yaxud 6 min manat vergi borcu olduğu üçün “Planet” şadlıq sarayının rəhbəri Vüqar Şirinovun ölkədən çıxışı məhdudlaşdırılıb. Lakin dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan bir sıra yüksək vəzifəli şəxslərin sahib olduqları hüquqi şəxslər barəsində analoji addım atılmır.

Dövlət büdcəsinə böyük həcmdə vergi borcu olan şəxslərdən biri millət vəkili İqbal Məmmədova məxsus olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsidir (VÖEN: 1600019501). Bu müəssisənin dövlət büdcəsinə böyük həcmdə - 9 milyon 397 min 776 manat 75 qəpik vergi borcu var. Təxminən bir il əvvəl 2021-ci ilin iyun ayında şirkətin borc 9 milyon 520 min manat olub. Rəqəmlərdən də göründüyü kimi son bir ildə borcun olduqca kiçik (1,3 faizi və ya 123 min manat) bir hissəsi ödənilib.

“Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi 16.10.1996-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 45 000 dollar olan şirkəti 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədov tərəfindən təsis olunub.

2019-cu ildə İqbal Məmmədov yerli saytlardan birinə müsahibəsində bildirmişdi ki, bizneslə məşğul deyil, lakin rəsmi olaraq şirkətdə payı var. O şirkətinin 2010-cu ildən (deputat mandatı əldə etdiyi dövr) işlətməciliyi başqasına dövr etmişəm. “Amma inkar etmirəm ki, mənim bu gün də həmin şirkətdə məsləhətlərim var”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun