Əbülfəz Qurbanlı: “İcra hakimiyyətləri ildə bir dəfədən az olmayaraq hesabat verməlidirlər”

Əbülfəz Qurbanlı: “İcra hakimiyyətləri ildə bir dəfədən az olmayaraq hesabat verməlidirlər”
20 İyul 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci ildə imzaladığı fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yerli icra hakimiyyətlərinin üzərinə bir sıra ciddi vəzifələr qoyurdu ki, onlardan da biri Əsasnamənin 3.1.21-ci maddəsinə uyğun olaraq icra hakimiyyətinin fəaliyyətinə dair illik hesabatın açıqlanmasıdır.

Ancaq Əsasnamə ilə müəyyən edilmiş bu vəzifələrin nə qədər icra olunması ilə bağlı suallar hələ də qalmaqdadır. AbzasMedia bu istiqamətdə suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının bütün yerli icra hakimiyyəti orqanlarına sorğu ilə müraciət edib. Bir çox icra hakimiyyəti sorğuları cavablandırmasa da, cavablandıran icra hakimiyyətlərinin məlumatında məsələnin nə yerdə olduğunu qismən aydınlaşdırmaq olub.

Binəqədi, Ucar, Quba, Xəzər, Füzuli rayon icra hakimiyyətlərindən, eyni zamanda Şəki və Mingəçevir şəhər icra hakimiyyətlərindən bildirilib ki, icra hakimiyyətinin fəaliyyətinə dair illik hesabatlar rəsmi saytlarında qeyd olunur.

Ancaq saytlarda yerləşdirilən hesabatların demək olar ki, tam əksəriyyəti geniş hesabat deyil. Yəni, icra hakimiyyətlərinin Əsasnamə ilə müəyyən edilmiş bütün istiqamətlər üzrə fəaliyyəti ya olmayıb, ya da hesabatda qeyd edilməyib.

Bəs görəsən, real vəziyyət necədir?

“Article 54” İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı deyir ki, Əsasnaməyə görə, yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələri ildə bir dəfədən az olmayaraq hesabat verməlidirlər.

“Article 54” İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı

Onun sözlərinə görə, hesabat tədbirləri keçirilsə də, bu ciddi marağa səbəb olmur.

“Bir sıra icra hakimiyyətlərində ildə 2 dəfə hesabat tədbiri keçirilir və bu hesabat tədbirləri açıq qapı şəraitində baş tutur. Yəni, istənilən sakin və ya icmanın üzvü gedib bu tədbirlərdə iştirak edə bilərlər. Ancaq vətəndaşlar bir qayda olaraq bu tədbirlərə maraq göstərmirlər. Tədbirlərdə əsasən yerli dövlət qurumlarının nümayəndələri iştirak edirlər”, - deyə o, qeyd edir.

Əbülfəz Qurbanlı deyir ki, hesabatlarda əvvəlcə ölkədəki ictimai-siyasi vəziyyət, prezidentin yarım ilin yekunları ilə bağlı iclaslarda bildirdiyi məsələlər tərif olunur, daha sonra artıq icra hakimiyyətinin fəaliyyəti ilə bağlı məlumatlar qeyd olunur. Ancaq bu sənəd də geniş çevrəni əhatə etmir.

Onun sözlərinə görə, rayon icra hakimiyyətlərinin saytında hesabatları tapmaq çətin olur, sosial şəbəkələrdəki səhifələri vaxtı-vaxtında yenilənmir, yenilənsə də bu hesabatlılıq məsələləri öz əksini tapmır. Nəticədə bu, nə respublika səviyyəsində, nə də rayon səviyyəsində hadisəyə çevirilmir.

“Hesabat isə belə olmalıdır ki, Əsasnamədə vəzifə kimi qarşılarına qoyulan məsələlərlə bağlı fəaliyyət ayrı-ayrılıqda qeyd olunmalıdır. Yerli icra hakimiyyəti rayonun sosial-iqtisadi inkişafı ilə bağlı, aqrar sahənin inkişafı ilə bağlı, sahibkarlığın inkişafı ilə bağlı, sosial müdafiə və gender məsələsilə bağlı, Ətraf-mühit məsələlərilə bağlı, təhsil, səhiyyə və gənclər məsələlərilə bağlı hesabatı ayrı-ayrılıqda qeyd etməlidir. Əgər bu istiqamətlərdə işlər görülsəydi və hesabatda bunlar ayrı-ayrılıqda qeyd olunsaydı, düşünürəm ki, bu hesabat həm Azərbaycan ictimaiyyəti üçün, həm yerli ictimaiyyət üçün, həm də icmalar üçün maraqlı olardı. Təəssüf ki, biz bunu görmürük”, - deyə ekspert bildirib.

Əbülfəz Qurbanlı deyir ki, burada əsas məsələlərdən biri də vətəndaşların müraciətlərilə bağlıdır. Bu “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Onun sözərinə görə, il ərzində xeyli sayda vətəndaş müxtəlif məsələlərlə bağlı icra hakimiyyətlərinə müraciət edir. Ancaq müraciətlərə baxılması ilə bağlı da detallı məlumatlar hesabatlarda görünmür.

“Ən sonuncu nümunə Sabirabad rayonunda oldu. Orada bir qazi intihar etdi və rayon icra hakimiyyəti qaziyə göstərilən dəstəklə bağlı hesabat yaydı. Biz hesabata baxdıqda gördük ki, orda qeyd olunan dəstəklər əsasən digər dövlət qurumlarının dəstəkləridir və hətta mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən dəstək də hesabatda qeyd olunmuşdu. Yerli icra hakimiyyətlərinin öz Əsasnamələrinə uyğun fəaliyyətləri olmalıdır ki, onların hesabatları da ictimaiyyət üçün maraqlı olsun”, - deyə “Article 54” İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun