Əbülfəz Qurbanlı: “Kənd yerləri üzrə inkişaf planlarının hazırlanması ilə bağlı hər hansısa məlumat yoxdur”

Əbülfəz Qurbanlı: “Kənd yerləri üzrə inkişaf planlarının hazırlanması ilə bağlı hər hansısa məlumat yoxdur”
8 İyul 2022
Mətni dəyiş

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci ildə imzaladığı fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” yerli icra hakimiyyətlərinin üzərinə bir sıra ciddi vəzifələr qoyurdu ki, onlardan da biri Əsasnamənin 3.2.4-cü maddəsinə uyğun olaraq müvafiq ərazidə təşkil olunmuş bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanması idi.

Ancaq Əsasnamə ilə müəyyən edilmiş bu vəzifələrin nə qədər icra olunması ilə bağlı suallar hələ də qalmaqdadır. AbzasMedia bu istiqamətdə suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının bütün yerli icra hakimiyyəti orqanlarına sorğu ilə müraciət edib. Bir çox icra hakimiyyəti sorğuları cavabsız qoysa da, cavablandıran qurumların məlumatında məsələnin nə yerdə olduğunu qismən aydınlaşdırmaq olub.

Siyəzən Rayon İcra Hakimiyyətindən verilən cavabda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1169 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə "Siyəzən rayonu üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli İnkişaf Planı”nın hazırlanması üçün "Yerli icra hakimiyyəti orqanları tərəfindən kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planına dair Metodiki Göstərişin 2.1 yarımbəndinə və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.2-ci bəndinin tələblərinə uyğun olaraq Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 17 iyun 2021-ci il tarixli 181 nömrəli sərəncamı ilə Siyəzən rayonu üzrə ictimai əsaslarla fəaliyyət göstərən İnkişafın Planlaşdırılması Şurası (Şurada bütün bələdiyyələr təmsil olunmuşdur) yaradılmışdır Ötən müddət ərzində komissiya tərəfindən müvafiq məlumat bazası yaradılmış və Siyəzən rayonunda "Kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf Planı”(2021 2030-cu illər) hazırlanmış və təsdiq olunmuşdur Hazırda İnkişaf Planında nəzərdə tutulmuş tapşırıqların icrası davam etdirilir.

Şəki Şəhər və Qubra Rayon İcra Hakimiyyətlərindən bildirilib ki, kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanması və təsdiq olunması 2022-ci ildən etibarən həyata keçirilir.

Ucar Rayon İcra Hakimiyyəti bələdiyyələrlə birlikdə sosial dəstək işləri gördüyünü qeyd etsə də,
Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrə inkişaf planlarının hazırlanması istiqamətində işlərin görülməsi ilə əlaqədar müraciət ünvanlanmışdır.

Ancaq bu ilin 7 ayının, yəni yarısından çoxunun yekunlaşdığını və hələ də nəticə olmadığını nəzərə alsaq, bu işlərin də nə qədər effektiv olması ciddi sual altına düşür.

İnkişaf planları təsdiq edildikdən sonra müvafiq qaydada elan ediləcəkdir.

Bəs görəsən, real vəziyyət necədir?

“Article 54” İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı deyir ki, təəssüflər olsun ki, kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planlarının hazırlanması ilə bağlı hər hansısa məlumat yoxdur.

Onun sözlərinə görə, hələlik ortada prezidentin məsələ ilə bağlı 2020-ci ildə imzaladığı fərman var. Ancaq nə yerli icra hakimiyyətlərinə, nə də bələdiyyələrə aid olan internet resurslarında buna rast gəlirik.

“Article 54” İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı

“Yerli icra hakimiyyətləri, bələdiyyələr, ümumiyyətlə digər dövlət qurumları da bu cür proqramları hazırlayanda “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərə almalıdırlar. İctimai iştirakçılıq haqqında qanun deyir ki, müxtəlif qərarların verilməsi zamanı cəmiyyətin iştirakı təmin olunmalıdır və rəyi nəzərə alınmalıdır. Yəni, bu cür proqramlar hazırlananda da ictimai iştirakçılığın müxtəlif formaları tətbiq edilməlidir”, - deyə Əbülfəz Qurbanlı bildirib.

Ekspert deyir ki, burada söhbət təkcə qanunun tələblərinə riayət edib-etməməkdən getmir, məsələ odur ki, bu cür yanaşma hazırlanan plan və proqramların səmərəli, effektiv olmasına yol açacaq.

Onun sözlərinə görə bələdiyyələrin də bu istiqamətdə geniş fəaliyyəti ola bilər.

“Digər dövlət sənədlərində ictimai iştirakçılıqla bağlı məsələlər var. Məsələn, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunur ki, bələdiyyələr yerli məsələlərlə bağlı yerlərdə rəy sorğuları, vətəndaş yığıncaqları keçirə bilər. Yəni, bu plan ictimai iştiraklılıq formasında hazırlanmalı və həyata keçirilməlidir. Burada söhbət bir bölgənin inkişafı üçün hazırlanan plandan gedir.

Əbülfəz Qurbanlı deyir ki, prezidentin məsələ ilə bağlı müvafiq fərmanında qeyd olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin həm yerli icra hakimiyyətlərinə, həm də bələdiyyələrə bu istiqamətdə dəstəyi olmalıdır.

Onun sözlərinə görə, bələdiyyələr və yerli icra hakimiyyətləri belə bir planın hazırlanması üçün kənar mütəxəssisləri də dəvət edə bilər.

“Bu mütəxəssis müstəqil də ola bilər, digər dövlət qurumlarında çalışanlardan da ola bilər. Əsas odur ki, proses ictimai iştiraklılıq fonunda digər mütəxəssislərin də iştirakı ilə həyata keçirilsin”, - deyə “Article 54” İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun