Rusiyanın Ukraynaya təcavüzü başlayandan (bu il fevralın 24-ü) bəri döyüş əməliyyatları nəticəsində 17 jurnalist həlak olub, daha 14-ü yaralanıb.
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında çıxışı zamanı bu qurumun İnsan haqları üzrə ali komissarı Mişel Baçelet deyib. Şura BMT-nin Ukraynada insan haqları üzrə monitorinq missiyasının hesabatını müzakirə edib.
BMT-nin məlumatına görə, ən azı yeddi nəfər gülləbaran altında həlak olub, onlardan beşinin Rusiyanın hücumları nəticəsində öldüyü güman edilir.
Bildirilib ki, daha beş jurnalist aktiv döyüş əməliyyatları aparılan ərazilərdə öldürülüb, bütün hallarda hücum edənlərin şəxsiyyəti müəyyən edilməyib. Bir jurnalisti isə Rusiya hərbçiləri oğurlayıb və işgəncələrə məruz qalıb – o, azadlığa buraxıldıqdan qısa müddət sonra ölüb.
BMT qeyd edir ki, ölən və yaralanan jurnalistlər arasında ən azı beş qadın var. Onların arasında AzadlıqRadiosunun Ukrayna xidmətinin əməkdaşı Vera Qiriç və rusiyalı jurnalist Oksana Baulina da yer alır.
Bundan əlavə, BMT-nin monitorinq missiyası Rusiya qoşunlarının işğal etdiyi ərazilərdə media işçilərinin oğurlanması ilə bağlı yeddi faktı qeydə alıb.
BMT hesabatına görə, Rusiya ordusu ən azı iki dəfə jurnalistlərin olduğu avtomobilə qəsdən atəş açıb. Jurnalistlər Kiyev yaxınlığındakı İrpen şəhərini ağ bayraqla və "PRESS" yazısı olan avtomobillə tərk etməyə çalışıblar.
Ukraynada müharibə başlayandan bəri BMT 335-i uşaq olmaqla 4 min 889 ukraynalı mülki şəxsin ölümünü sənədləşdirib. 8 milyon ukraynalı evlərini tərk edib. BMT vurğulayır ki, faktiki rəqəmlər daha çox ola bilər - Rusiya təcavüzü qurbanlarının sənədləşdirilməsi üzərində iş davam edir.
Rəsmi Kreml Rusiya ordusunun Ukraynada dinc əhaliyə qarşı cinayətlər törətdiyini inkar edir.