Belarusda məhkəmə “Belsat” telekanalının jurnalisti Yekaterina Andreyevanı “dövlətə xəyanət” ittihamı ilə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
“İnterfaks” xəbər verir ki, məhkəmə onu “Belarus Respublikasının dövlət sirrini xarici dövlətə, beynəlxalq və ya xarici təşkilata və ya onların nümayəndələrinə verməkdə” təqsirli bilib.
İttihamın təfərrüatları verilmir; məhkəmənin press-relizində "Belsat" telekanalının ekstremist kimi tanınması qeyd edilir, lakin bunun işə aidiyyəti olub-olmadığı aydın deyil. Mediazona.Belarus xəbər verir ki, Andreyevanın həyat yoldaşı İqor İlyaş da işin təfərrüatlarını öyrənə bilmədiyini bildirib.
Yekaterina Andreyeva 2020-ci ilin noyabrından həbsdədir. O, həmkarı Darya Çultsova ilə birlikdə etirazlar zamanı öldürülən Roman Bondarenkonun xatirəsinə təşkil edilən mitinqdən canlı yayım açdığına görə saxlanılıb. Onlar aksiyanı təşkil etməkdə ittiham ediliblər və 2021-ci ilin fevralında iki il müddətinə azadlıqdan məhrum ediliblər.