Azərbaycan əsilli iranlı kinorejissor Cəfər Pənahi 6 il müddətinə azadlıqdan məhrum edilib.
bu barədə İranın Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayeşi deyib.
O bildirib ki, Cəfər Pənahi milli təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaqda və sövdələşmədə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
Rejissor cəzasını çəkmək üçün Evin həbsxanasına göndərilib.
Cəfər Pənahi iyulun 11-də daha iki rejissorun həbsi ilə əlaqədar keçirilən məhkəmədə iştirak edib və orada həbs edilib. Belə ki o, Məhəmməd Rəsulof və Mustafa Ələhmədin məhkəməsində iştirak edib. Rəsulof və Ələhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.
Xatırladaq ki, Cəfər Pənahi bundan öncə 2010-cu ildə də 6 il müddətinə azadlıqdan məhrum edilib.