İranlı rejissor Cəfər Pənahi iyulun 11-də həbs edilib.
Bu barədə yerli mətbuat xəbər verib.
Kinematoqrafçı daha iki rejissorun həbsi ilə bağlı etiraz aksiyasında iştirak etdiyinə görə həbs edilib. O, Məhəmməd Rəsulof və Mustafa Əliəhmədin azadlığa buraxılmasını tələb edib.
Rəsulof və Əliəhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıb. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.
2010-cu ilin martında Pənahi hökumət əleyhinə fəaliyyətə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz aksiyalarında iştiraka görə həbs edilib və 6 il müddətinə ev dustaqlığına məhkum edilib.
Ona 20 il film çəkmək və müsahibə vermək qadağan edilib. Pənahi ev şəraitində Kann kinofestivalında nümayiş olunan “Bu film deyil” (2011) filmini çəkib.
Ev dustaqlığından azad edildikdən sonra rejissor pasportu hakimiyyət orqanlarının əlində olduğu üçün ölkə xaricinə çıxa bilmir.
2015-ci ildə onun “Taksi” filmi Berlin Film Festivalının “Qızıl Ayı” mükafatını, həmçinin Beynəlxalq Kino Pressa Federasiyasının (FİPRESSİ) mükafatını alıb.