Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukraynadakı səfirliyi bu ölkədə yaşayan amerikalılara xəbərdarlıq edib.
Səfirlik ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb.
Eyni zamanda, indiki zamanda Ukrayna ərazisinə səfər etməməyi tövsiyə edib.
Bu barədə səfirliyin saytında məlumat paylaşılıb.
Həmin məlumatda Ukraynadakı amerikalılara həmçinin insanların kütləvi toplandığı yerlərdən və ictimai tədbirlərdən kənar durmaq da tövsiyə olunub.
“Rusiyanın davam etməkdə olan hərbi hücumlarına, habelə ölkədə gedən fəal döyüş əməliyyatlarına və qeyri-müəyyən təhlükəsizlik şəraitinə görə bütün Ukrayna ərazisində vəziyyət son dərəcə zorakı və proqnozlaşdırılmayan vəziyyətdədir”, – deyə məlumatda bildirilir.
Səfirlik Ukraynada olan amerikalıları ölkəni yerüstü nəqliyyat vasitələri ilə və fərdi qaydada dərhal tərk etməyə çağırıb:
“Ukraynadakı hazırki vəziyyət çox dəyişkəndir. Durum hər an daha da pisləşə bilər”.
Fevralın 24-dən Rusiya Ukraynaya hərbi müdaxiləyə başlayıb.
O zamandan ABŞ da daxil olmaqla bir çox ölkələr Kiyevdəki səfirliklərinin fəaliyyətini dayandırıb.
Qərb səfirliklərindən bəziləri isə ölkənin qərbindəki, Polşa ilə sərhəddə yerləşən Lvov şəhərinə köçürülüb.