ABŞ Senatı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada “saysız-hesabsız günahsız kişilərin, qadınların və uşaqların öldürülməsi” ilə nəticələnən fəaliyyətlərinə görə Rusiyanın terrorizmi dəstəkləyən dövlət kimi tanınmasına çağırış edən qətnamə qəbul edib.
“New York Times“-ın xəbərinə görə, qətnamədə ABŞ Dövlət katibi Entoni Blinkenə Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanımağa çağırış edilib.
Nəşrin məlumatına görə, oxşar qətnamə Nümayəndələr Palatasına da təqdim edilib. Spiker Nensi Pelosinin qətnamənin qəbul edilməsinə güclü dəstək verəcəyi gözlənilir.
Bununla belə, hər hansı bir dövlətin terrorizmi dəstəkləyən dövlət kimi tanınması səlahiyyəti Dövlət Departamentinə məxsusdur. Lakin, Senatın qətnaməni qəbul etməsi ilə Rusiyanı Kuba, Şimali Koreya, İran və Suriyanın da olduğu “Terrorizmi dəstəkləyən dövlətlər” siyahısına əlavə edərək Bayden administrasiyasını kifayət qədər təzyiq altında qoyduğu bildirilir.