"Rusiya artilleriyası bu gün yenidən Donetsk vilayətindəki Svyatoqorsk Lavra monastrına zərbə endirib. Bütün Müqəddəslər Ermitajının taxta kilsəsi yanıb, məhv olub. Məbəd 1912-ci ildə müqəddəs elan olunub. İlk dəfə sovet dövründə dağıdılıb. Sonra yenidən qurulub. İndi isə Rusiya ordusu tərəfindən yandırıldı".
Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında yazıb. Prezident bildirib ki, bu həftənin çərşənbə günü monastrın rahiblərinin hücrələrində Rusiya mərmiləri partlayıb: "Dörd nəfər həlak olub, dörd nəfər isə ağır yaralanıb. Svyatoqorsk məbədi may ayından atəş altındadır".
Zelenski deyir ki, işğalçılar hansı obyektin atəşə tutulduğunu dəqiq bilirlər, onlar bilirlər ki, Svyatoqorsk Lavra ərazisində hərbi hədəf yoxdur:
"Məlumdur ki, hərbi əməliyyatlardan qaçan 300-ə yaxın sadə insan var, onlardan 60-ı uşaqdır. Ancaq yenə də Rusiya ordusu bütün Donbas kimi məbədi də atəşə tutur. Nəyin xarabalığa çevriləcəyinə fikir vermirlər".
"Barbar dövlətlə, terror dövləti ilə nə danışmaq olar?"Prezident bildirir ki, mayın 31-də Ukrayna Ali Radası UNESCO-ya Rusiyanı təşkilat üzvlüyündən məhrum etmək üçün müraciət edib. Onun sözlərinə görə, Ukrayna diplomatiyası ardıcıl olaraq bunun üzərində işləyir.
"Rusiyadan başqa heç bir ölkə İkinci Dünya müharibəsindən sonra Avropada bu qədər abidəni, mədəni və sosial obyektləri dağıtmayıb. Ukraynada Rusiyanın yandırdığı hər kilsə, partladılan hər məktəb, dağıdılan hər bir abidə sübut edir ki, Rusiyanın YUNESKO-da yeri yoxdur. Barbar dövlətlə, terror dövləti ilə nə danışmaq olar? Tarixi irsi məhv etmək üçün hansı artilleriya mərmiləri daha yaxşıdır?" - , deyə Zelenski suallar verib.
Ukrayna lideri deyir ki, BMT və YUNESKO-dan məntiqli və ədalətli cavab gözləyirlər: "Bu, Birləşmiş Millətlər Təşkilatıdır və onun nizamnaməsi terrorçularla ittifaqı nəzərdə tutmur. Rusiyanın təcridi tam olmalıdır, o, törətdiyi cinayətlərə görə cavab verməlidir".