29 İyun 2022
Mətni dəyiş
Rusiyanın Kremençuqdakı ticarət mərkəzinə raket hücumu ilə bağlı Ukraynanın tələbi əsasında çağırılan BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda fövqəladə iclası keçirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Şurasına videobağlantı vasitəsilə müraciət edib. O, Moskvanın bu təşkilatın fundamental prinsiplərini və bütövlükdə beynəlxalq hüquqi nizamı daim pozmasını əsas gətirərək, Rusiyanı Baş Assambleyada səsvermə hüququndan və BMT Təhlükəsizlik Şurasına daimi üzvlüyündən məhrum etməyə çağırıb.
Zelenski Rusiyanın Ukraynada törətdiklərini müstəmləkə müharibəsi adlandırıb və qeyd edib ki, Rusiya bu müharibə ilə bağlı BMT-də səsvermədə iştirak etməməlidir.
Bundan əlavə, Zelenski BMT-ni “terrorçu dövlət” hüquqi statusunu təqdim etməyə çağırıb. Zelenskinin sözlərinə görə, belə statusa malik olan bütün ölkələr cəzalandırılmalıdır: "Mən sizi terror dövlətini BMT Baş Assambleyasında səlahiyyətlərindən məhrum etməyə çağırıram. Bu lazımdır. Bu ədalətlidir. Rusiyanın BMT Təhlükəsizlik Şurasında qalmağa haqqı yoxdur".
Hazırda BMT səyahət qadağası, aktivlərinin dondurulması, silah, texnologiya və ya məhsul idxalına embarqo qoyan istənilən dövlətə qarşı sanksiyalar tətbiq edə bilər.
Zelenski Kremençuqda baş verənlərlə bağlı Rusiyanın rəsmi versiyasına, Kremlyönlü media və teleqram kanallarının yaydığı versiyalara da münasibət bildirib: “Mən BMT-yə baş katibin xüsusi nümayəndəsini və ya başqa nümayəndəsini göndərməyi təklif edirəm ki, onlar Kremençuqa səfər edərək baş verənlərin Rusiya raketinin vurduğu zərbə nəticəsində olduğunu təsdiqləsinlər".
Ukrayna Prezidentinin çıxışının sonundakı xahişi ilə BMT Təhlükəsizlik Şurası Kremençuqda Rusiyanın raket hücumu qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.
İclasdan əvvəl Təhlükəsizlik Şurasının altı üzvü - ABŞ, Albaniya, Böyük Britaniya, İrlandiya, Norveç və Fransa xüsusi bəyanatla çıxış edərək, Rusiyanın 25-27 iyun 2022-ci il tarixləri arasında Ukrayna ərazisinə, onun yaşayış məntəqələrinə və mülki infrastruktura raket zərbələrinin intensivləşdirilməsini kəskin şəkildə pisləyib. Ayrı-ayrılıqda bu zərbələr nəticəsində mülki şəxslərin həlak olması faktı qeyd edilir.
Bəyanatı imzalayan ölkələr beynəlxalq humanitar hüququ pozan və müharibə cinayətləri törədənlərin obyektiv, peşəkar və müstəqil təhqiqat və məsuliyyətə cəlb olunmasının zəruriliyini vurğulayıblar.
İyunun 27-də Rusiya hərbçiləri Poltava vilayətinin Kremençuq şəhərində ticarət mərkəzinə raket zərbəsi endirib. Son məlumatlara görə, 20 nəfər ölüb, 59 nəfər yaralanıb, daha 40 nəfər isə itkin düşmüş hesab olunur.
İyunun 28-də Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Aerokosmik Qüvvələri iyunun 27-də Kremençuqda “ABŞ və Avropa ölkələrindən alınan silah və sursatların olduğu anqarlara” dəqiq idarə olunan raketlərlə zərbə endirib. Nazirlikdən bildirilib ki, bu anqarlar Kremençuq yol maşınqayırma zavodunun ərazisində yerləşirdi.
BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası zamanı Müdafiə Nazirliyinin bu versiyası Rusiyanın rəsmi nümayəndəsi tərəfindən təkrarlanıb.