Rusiyalı general-mayor Roman Kutuzovun Ukraynanın şərqində gedən döyüşlərdə öldürüldüyü deyilir.
Hərbi birləşmə komandirinin ölümü ilə bağlı Ukrayna mənbələri, həmçinin rusiyalı hərbi jurnalist Aleksandr Sladkov məlumat yayıb.
Sladkovun Teleqram kanalındakı yazıdan belə çıxır ki, Kutuzov "tabeliyində olan hərbçiləri hücuma aparan zaman" ölüb.
“Novorossiya milisindən xəbərlər” teleqram kanalı Kutuzovun Luqansk vilayətinin Popasna yaxınlığındakı Nikolaevka kəndində öldüyü barədə məlumat yayıb.
İyunun 5-də axşam Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiya qoşunları Nikolaevka və Beloqorovka bölgələrində “hücum əməliyyatları” həyata keçirib, ancaq “əhəmiyyətli canlı qüvvə və texnika itirib”.
General Kutuzovun hansı bölməyə rəhbərlik etdiyi barədə hələlik məlumat verilmir. 2019-cu ildə o, Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytında 29-cu Əlahiddə Ümumqoşun Ordusunun, 2017-ci ildə isə 5 -ci ordunun müvəqqəti komandiri kimi qeyd edilib.
Roman Kutuzov Ukraynadakı müharibə zamanı ölməsi müxtəlif rəsmi mənbələr tərəfindən təsdiqlənən dördüncü rusiyalı generaldır. Ukrayna hakimiyyəti azı 7 generalın öldüyünü açıqlayıb, ancaq onlardan ən azı ikisinin bundan sonra sağ olduğu məlum olub, BBC Rus Xidməti yazıb.