21 İyun 2022
Mətni dəyiş
Rusiyanın Ukraynaya təcavüzü enerji və ərzaq qiymətlərində qlobal artıma, dolayısı ilə dünyanın bir çox ölkəsində inflyasiyanın dəfələrlə artmasına səbəb olub. Almaniya, Böyük Britaniya və ABŞ-da inflyasiya 40 il ərzində maksimuma çatıb. "Re:Russia" layihəsində dünya bazarındakı vəziyyətdən bəhs edilir, ayrı-ayrı ölkələrdəki vəziyyət "The Guardian" tərəfindən təsvir edilir.
"Re:Russia"-nın istinad etdiyi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) verdiyi məlumata görə, 2022-ci ilin yanvar ayından dünya üzrə kömür qiymətləri 69 faiz, buğda 60 faiz, qaz ABŞ-da 55 faiz, Avropada isə 27 faiz artıb. Hazırda qlobal ərzaq qiymətləri 2014-2016-cı illərin orta qiymətindən 55 faiz yüksəkdir.
Ukraynadakı müharibə və qonşu ölkəni işğal etdiyi üçün Rusiyaya qarşı tətbiq edilən sanksiyalar taxıl və bitki yağı bazarlarında defisitin yaranmasına səbəb olub. Dünya buğda ixracının 30 faizi, qarğıdalının 15 faizi, mineral gübrələrin 20 faizi, o cümlədən təbii qazın 20 faizi və neftin 11 faizi birlikdə Rusiya və Ukraynanın payına düşür.
Ərzaq və enerji istehlakında böyük paya sahib olan yoxsul inkişaf etməkdə olan ölkələr inflyasiya artımından ən çox əziyyət çəkirlər. Ərzaq və yanacağın qiymətlərində əhəmiyyətli artımlar sözün əsl mənasında “milyonlarla insanı yoxsulluğa sürükləyir”.
“The Guardian”ın müxbirlərinin məlumatına görə, Hindistanda son bir ayda tərəvəzlər 56 faiz bahalaşıb, düyü və buğda yoxsullara pulsuz paylanır. Filippində ilin əvvəlindən yanacağın qiyməti 40 faiz artıb, ailələrin 12 faizdən çoxu son üç ayda ən azı bir dəfə ac qalmaq məcburiyyətində qalıb. Tayvanda 2022-ci ilin ilk aylarında qıt olan yumurtalar keçən illə müqayisədə 28 faiz bahalaşıb.
Lakin inkişaf etmiş ölkələrdə də inflyasiyanın artması iqtisadi aktivliyi boğur, gəlirlərin azalmasına gətirib çıxarır və əhali tərəfindən ağrılı şəkildə yaşanır.
2022-ci ilin may ayında ABŞ-da illik inflyasiya 8,6 faizə çatıb ki, bu da 1981-ci ildən bəri ən kəskin artımdır. Almaniyada may ayında inflyasiya 7,9 faiz təşkil edib, yanacaq orta hesabla 38 faiz, ərzaq isə 11 faiz bahalaşıb. Avropanın ən zəngin ölkələrindən biri olan İrlandiyada il ərzində qiymətlər 7,8 faiz, qazın qiyməti 54 faiz artıb. Belçikada inflyasiya 9 faizə, İtaliyada 6,8 faizə çatıb, enerji qiymətləri demək olar ki, 43 faiz artıb.
2022-ci ilin sonunda İƏİT ölkələrində orta inflyasiya 8,5 faiz təşkil edəcək. Dünya Bankının proqnozlarına görə, qlobal inflyasiya 2022-ci ilin ortalarında pik həddə çatacaq, sonra isə onun təxminən 3 faiz azalacağı gözlənilir.