Tale Bağırzadənin başlatdığı aclıq aksiyasına qoşulanların sayı artır

Tale Bağırzadənin başlatdığı aclıq aksiyasına qoşulanların sayı artır
17 İyun 2022
Mətni dəyiş

Həbsxanada 13 gündür aclıq edən "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadənin səhhətində problemlər yaranıb. Bu barədə onun həyat yoldaşı Leyla İsmayılzadə bildirib.

"Bu gün Taleh zəng edib. Səsi zəif idi. Qızdırması düşmür. Həkimlər onun təzyiqini yoxlayır, qızdırmasını aşağı salmağa çalışır", deyə İsmayılzadə bildirib.

Onun sözlərinə görə, Bağırzadə hüquq-mühafizə orqanlarının Allahı təhqir edən əməkdaşları cəzalandırılana qədər aclığı davam etdirmək niyyətindədir.

İsmayılzadə qeyd edib ki, rəsmi orqanlar Bağırzadənin tələblərinə münasibət bildirməyib.

"Müsəlman Birliyi" Hərəkatının məlumatına görə, hazırda həbsxanalarda 9 məhbus tələblərə dəstək əlaməti olaraq aclıq edir.

Abbas Hüseyn 11 gün, Cabbar Cabarov 10 gün, Seyfəddin Şirvanov 8 gün, Cahad Babakişizadə 8 gün, Vəli Allahverdiyev, Elşad İbrahimov, Elşən Abbasovun hər biri 6 gün, Razi Hümbətov 4 gün, Əfqan Abbasov 3 gündür aclıq edir.

Bununla yanaşı, azadlıqda olan Vüqar Əliyev və Eldar Abdullayev də 2 gündür aclıq aksiyasına qoşulub.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

İnanclı insanların aclığına dindarların saxlanılması və dindirilməsi zamanı polislərin istifadə etdiyi təhqiredici ifadələr səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun