Suriya qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımaq qərarına gəlib.
Bu barədə Suriyanın SANA agentliyi ölkənin Xarici İşlər Nazirliyindəki "rəsmi mənbəyə” istinadən məlumat verib.
"Suriya Ərəb Respublikası bütün sahələrdə münasibətləri yaxşılaşdırmaq üçün ümumi iradə və istəyin təcəssümü kimi həm Luqansk Xalq Respublikasının, həm də Donetsk Xalq Respublikasının müstəqilliyini və suverenliyini tanımaq qərarına gəlib”, - SANA-dakı mənbə bildirib.
İyunun ortalarında "DXR" hakimiyyəti bildirmişdi ki, Suriya Prezidenti Bəşər Əsəd qondarma respublikanın nümayəndələrinə "DXR" və "LXR"-nin rəsmi tanınması proseduruna başlanılması barədə göstəriş verdiyini deyib.
Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Luqansk və Donetsk vilayətləri sərhədləri daxilində "DXR" və "LXR"-nin müstəqilliyini tanıyıb.
Rusiyadan başqa, "DXR" və "LNR"-nin müstəqilliyini Cənubi Osetiya (2014-cü ildə) və Abxaziya (2022-ci ildə) tanıyıb.