28 İyun 2022
Mətni dəyiş
Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidentinin həyat yoldaşı Cill Bayden və qızı Eşli Bayden də daxil olmaqla, daha 25 Amerika vətəndaşını sanksiya siyahısına əlavə edib.
Həmçinin “stop siyahısı”nda “rusofobik kursun formalaşmasında məsuliyyət daşıyan” senatorlar və alimlər, məsələn, Stenford Universitetinin professoru Frensis Fukuyama da var. Onların hamısının Rusiyaya girişi qadağan edilib.
Xarici İşlər Nazirliyi yeni məhdudiyyətləri “ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı daim genişlənən sanksiyalarına cavab” adlandırıb.
Rusiya sanksiyalarına məruz qalan ABŞ vətəndaşlarının ümumi sayı 1048 nəfərə çatıb. Bundan əvvəl, Ukraynadakı müharibə ilə əlaqədar Qərbin sanksiyaları fonunda Rusiya Xarici İşlər Nazirliyi Co Baydenin özünə, onun oğlu Hanterə, keçmiş dövlət katibi Hillari Klintona, həmçinin ABŞ-ın vitse-prezidenti Kamala Harrisə, Meta şirkətinin baş direktoru Mark Zukerberq, LinkedIn-in baş direktoru Rayan Roslanski və Medusa-nın ingilis dili versiyasının baş redaktoru Kevin Rotrokun Rusiyaya girişini qadağan etmişdi.