15 İyun 2022
Mətni dəyiş
Rusiya qüvvələri Ukraynanın sərt müqavimətinə baxmayaraq, Severodonetsk şəhərinin böyük hissəsinə nəzarət edirlər. Qərb ölkələrinin isə Kiyevə əlavə silah-sursat göndərişlərini elan edəcəyi gözlənir.
İyunun 15-də Rusiya Severodonetskdə yerləşən Azot kimyəvi zavodundakı Ukrayna hərbçilərini silahı yerə qoymağa çağırıb, zavoda sığınmış dinc sakinlərə “humanitar dəhliz” vəd edib. Ukrayna hələlik, Moskvanın təklifinə cavab verməyib.
Britaniya hərbi kəşfiyyatı iyunun 15-də gündəlik bülletenində qeyd edir ki, hazırda Azot zavodunun yeraltı bunkerlərində yüzlərlə dinc sakin və ukraynalı döyüşçü var.
Britaniya Müdafiə Nazirliyi qeyd edir ki, Moskva işğalı planlaşdırarkən ukraynalıların belə sərt müqavimət göstərəcəyini “yəqin” gözləmirdi.
Məlumata görə, ukraynalıların qətiyyətini görən Rusiya urban hərbi taktikaya, artilleriyadan intensiv istifadəyə əl atdı, bu isə şəhərdə irimiqyaslı dağıntılara səbəb oldu.
Prezident Volodimir Zelenski iyunun 14-də gecə çıxışında deyib ki, Ukraynaya indi raket əleyhinə müasir silahlar lazımdır, tərəfdaş ölkələrin çatdırmaları yubatmasını heç cür əsaslandırmaq olmaz.
“Tərəfdaşlarımıza davamlı olaraq deyirik ki, Ukraynaya müasir raket əleyhinə silahlar lazımdır. Ölkəmizdə bu silahların sayı yetərli deyil, ancaq Ukraynanın indi bu cür silahlara böyük ehtiyacı var. Onların verilməsini yubatmağı əsaslandırmaq mümkün deyil”, – Zelenski deyib.
Prezident həftələrdir döyüş gedən Donbas regionunda “itkilərin, təəssüf ki, ağrılı” olduğunu vurğulayıb.
Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar daha öncə deyib ki, ölkəsi Rusiya işğalına qarşı döyüşdə Qərbdən istədiyi silahların yalnız 10 faizini əldə edib.
“Ukraynanın cəhdlərindən, ordumuzun peşəkarlığından asılı olmayaraq, Qərb tərəfdaşlarımızın köməyi olmasa, bu müharibəni uda bilməyəcəyik”, – Malyar televiziya ilə yayımlanan brifinqdə deyib. O da Qərbin silah göndərməyi sürətləndirməli olduğunu vurğulayıb.
Qərb ölkələri Ukraynaya müasir silahlar, raketlər vəd etsələr də, onların çatdırılması zaman alır.
İyunun 15-də Ukraynanın Müdafiəsi Kontakt Qrupundan onlarla müdafiə naziri Brüsseldə bu ölkəyə silahların göndərilməsini müzakirə edəcəklər. Elə bu gün NATO müdafiə nazirlərinin ikigünlük toplantısı da başlanacaq.
ABŞ müdafiə rəsmilərinin sözlərinə görə, müzakirələrə ABŞ-ın Müdafiə naziri Lloyd Ostin başçılıq edəcək.
NATO Ukrayna-Rusiya münaqişəsində hərbi iştirak edirmiş kimi görünməmək üçün danışıqlara qatılmır.
Severodonetsk şəhərinin tutulması Luqansk regionunun bütünlükdə Rusiyanın əlinə keçməsi deməkdir. NATO-nun aparıcı rəsmisi CNN-ə deyib ki, Ukraynada müharibə artıq kritik məqama çatıb.
“Artıq bir, yaxud digər tərəfin uğur qazanacağı məqama çatmışıq”, – rəsmi vurğulayıb.
“Ya rusiyalılar (Luqanska bitişik Donetsk vilayətindəki) Slovyansk və Kramatorska çatacaqlar, ya da ukraynalılar onları dayandıracaq. Əgər ukraynalılar orada, bu sayda qüvvə qarşısında cəbhə xəttini saxlaya bilsələr, bunun rolu həlledici olacaq”, – o bildirib.