14 İyun 2022
Mətni dəyiş
Sibirdə keçirilən məhkəmədə ittihamçı LGBT fəalı və rəssam Yuliya Svetkovaya üç il iki ay həbs cəzası tələb edib. Fəala qadın bədənini əks etdirən rəsmlərini internetdə yerləşdirdiyinə görə belə bir cəza istənilib.
29 yaşlı Svetkova sosial mediada “Vagina monoloqları” adlı səhifədə pornoqrafik material yerləşdirərək yaymaqda ittiham olunur. Səhifədə qadın cinsiyyət orqanının abstrakt təsvirləri yer alıb.
Rəssam LGBT məsələləri üzrə maarifləndirmə işiylə tanınıb.
Svetkovanın anası Anna Xodıreva Facebook-da yazıb ki, iyunun 14-də Komsomolsk-na-Amure şəhərində məhkəmədə ittihamçı uzunmüddətli həbs tələbiylə çıxış edib.
Svetkovanın məhkəməsi ötən ilin aprelində, ilyarım çəkən istintaqdan sonra başlanıb. İstintaq dövründə o, LGBT “propaqandası” yaymağa görə cərimələnib, ev dustağı edilib. Ötən ilin mayında fəal bu cinayət işinə qarşı aclıq aksiyasına başlayıb.
Uzanan məhkəmə prosesi qapalı keçirilib, çünki prokurorlar qadın bədəninin təsvirlərini dəlil kimi göstərməliydilər.
“Amnesty International” Svetkovaya qarşı cinayət işini siyasi repressiya, “qafqazsayağı absurdluq” adlandırıb.