Ombudsman Aparatı loqonun qiymətini açıqlamadığına görə nazirliyə xəbərdarlıq edib 

Ombudsman Aparatı loqonun qiymətini açıqlamadığına görə nazirliyə xəbərdarlıq edib 
2 İyun 2022
Mətni dəyiş

İyunun 1-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı Gənclər və İdman Nazirliyinə xəbərdarlıq edib.  

Xəbərdarlığa səbəb nazirlik tərəfindən AbzasMedia-nın əməkdaşı jurnalist Şəmistan Həziyevin informasiya sorğularına düzgün cavab verilməməsidir.  

İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparat rəhbərinin müavini Rəşid Rumzadənin gənclər və idman nazirinin müavini İndira Hacıyevaya ünvanladığı rəsmi xəbərdarlıq məktubunda qeyd olunub ki, Şəmistan Həziyevin martın 18-də nazirliyə ünvanladığı informasiya sorğusunda yazılan suallara aydın formada cavab verilməlidir.  

Ombudsman Aparatının məktubunda bildirilir ki, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur və həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməlidir.

"İnformasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. İnformasiya əldə etmək hüququnun pozulmasına görə informasiya sahibləri inzibati məsuliyyət daşıyır (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 374-cü məddəsi).

Qeyd edilənləri nəzərə alaraq, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13-1.1 ci maddəsinə əsasən, informasiya əldə etmək hüququnun təmin edilməsi ilə bağlı şikayətdə əks olunmuş halların araşdırılması üçün müvafiq məlumat və sənədlərin 10 iş günü ərzində bizə təqdim edilməsini xahiş edirəm”, - deyə Rəşid Rumzadənin gənclər və İdman nazirinin müavini İndira Hacıyevaya ünvanladığı xəbərdarlıq məktubunda qeyd olunub.

Nə baş verib? 

Martın 18-də Gənclər və İdman Nazirliyi yeni loqolarının təqdimetmə mərasimini keçirib. Nazir Fərid Qayıbov bildirib ki, yeni loqo yüzədək variant arasından seçilib.

Şəmistan Həziyev həmin gün nazirliyə sorğu ilə müraciət edib, loqonun hansı şirkət tərəfindən hazırlanmasını, hansı meyarlar əsasında seçilməsini və qiymətini soruşub.

Sorğuya qeyd olunan müddətdə cavab verilmədiyi üçün Ombudsman Aparatına müraciət edilib. Yalnız bundan sonra sorğuya cavab verilib və qeyd edilib ki, müsabiqənin qalibi "Paradox" MMC olub, loqonun seçimi tam şəffaf aparılıb, gənc nəslə və idmançılara xas aktivlik, enerji, eləcə də Azərbaycanın beynəlxalq aləmdə Alfa-3 sertifikatlı qəbul edilmiş qısadılmış adı nəzərə alınıb.

Sorğuya qismən cavab verilməsinə baxmayaraq, nazirlik loqonun qiyməti ilə bağlı sualı cavabsız qoyub. Yenidən nazirliyə sorğu göndərilib cavab istənilsə də, mayın 26-da yenə eyniməzmunlu cavab verilib və loqoya görə ödənilən məbləğ açıqlanmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun