Nazirliyin vəzifəli şəxsləri rüşvət ittihamı ilə həbs ediliblər

Nazirliyin vəzifəli şəxsləri rüşvət ittihamı ilə həbs ediliblər
1 İyun 2022
Mətni dəyiş

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bir qrup əməkdaşı haqqında cinayət işi açılıb və onlar haqqında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Açıqlamada deyilir ki, əməkdaşlar haqqında dövlət qurumundan daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

"6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Haşımov Mircavad Fərman oğlunun həmin İdarədə böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Kazımov Zakir Mahmud oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vətəndaşdan 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib".

Prokurorluğun məlumatında deyilir ki, Mircavad Haşımov və Zakir Kazımov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin bütün dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir", - açıqlamada bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun