Milli Şura: "Beynəlxalq aləm Azərbaycanda 19 ildir davam edən amansız repressiyalara adekvat reaksiya verməlidir"

Milli Şura: "Beynəlxalq aləm Azərbaycanda 19 ildir davam edən amansız repressiyalara adekvat reaksiya verməlidir"
2 İyun 2022
Mətni dəyiş
Demokratik Qüvvələrin Milli Şurası repressiya və siyasi həbslərin davam etdiyini ifadə edən bəyanat yayıb.  Bəyanatda qeyd olunub ki, mayın 28-də - Azərbaycan xalqı İstiqlal və Cümhuriyyət bayramını qeyd etdiyi bir gündə İlham Əliyev hökuməti siyasi rəqiblərindən daha bir nəfərə saxta cinayət işi quraşdırmağa başlayıb. Belə ki, Gəncə şəhərində AXCP fəalı Razi Alışov saxlanılıb və ailəsinə bildirilib ki, onunla bağlı narkotik ittihamı üzrə araşdırma aparılır. Mayın 30-da isə Razi Alışov barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə ilkin istintaq dövrü üçün 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bəyanatda deyilir ki, Azərbaycan hüquq-mühafizə orqanları müxalif mövqeli ictimai-siyasi fəalları tez-tez narkotik ittihamı ilə şərləyib həbs edir. Razi Alışov da bu maddə ilə şərlənən növbəti müxalif fəaldır.
"Razi Alışovun həbsi ilə İlham Əliyev hökuməti bir daha etiraf etmiş oldu ki, idarəçilik metodunu dəyişmək fikrində deyil, repressiya və siyasi həbslər olmadan keçinə bilmir. Əks halda mayın 27-də imzalanan, bir neçə siyasi məbusu da əhatə edən yarımçıq əfv sərəncamından dərhal sonra yeni bir siyasi həbsə qərar verilməzdi.
Razi Alışova qədər də son bir neçə ayda çox sayda siyasi həbslər həyata keçiriıib. AXCP fəli Şahin Hacı, MBH üzvü Razi Hümbətov, VİP sədri Əli Əliyev, Almaniyadan geri göndərilmiş siyasi mühacirlər Malik Rzayev, Mütəllim Orucov (AXCP üzvü), Cəfər Mirzəyev, Pünhan Kərimli (AXCP üzvü) və Ziya İbrahimli, keçmiş siyasi məhbus, bloger Rəşad Ramazanov yaxın dövrün siyasi motivlərlə həbs edilənləridir.
Bu dövrdə siyasi xarakterli inzibati həbslər və polis zorakılığı da davam edib. Məsələn, mayın 20-də MHB üzvü Razi Hümbətovun məhkəməsi zamanı təskilatın prosesi izləməyə gələn çox sayda digər üzvü saxlanılıb, onlardan 3 nəfərə - Ağəli Yəhyayev, İmran Məmmədli və Elgiz Məmmədova 30 sutka inzibati həbs cəzası verilib, 2 nəfər - Süleyman Ələkbərov və Mail Kərimov isə DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("bandotdel") aparılaraq ağır işgəncələrə məruz qoyulub, ləyaqətlərinin alçaldılacağı, cinsi zorakılığa məruz qoyulacaqları ilə təhdid olunaraq, bir daha belə məhkəmə proseslərini izləməyə getməyəcəklərinə dair videoçəkilişlə öhdəlik götürməyə məcbur edilib.
Azərbaycanda siyasi islahatların aparılmasına, siyasi məhbus probleminin birdəfəlik həll edilməsinə, inzibati zorakılığa son qoyulacağına dair xalqın gözləntilərinə və beynəlxalq birliyin çağırışlarına İlham Əliyevin cavabı budur: repressiya maşını dayanmır, siyasi məhbusların yeni dəstələri yaranır.
İlham Əliyevin repressiya aparatı 20 ilə yaxındır ki, bu şəkildə işləyir. Siyasi rəqiblər şərlənib həbs olunur, məhbuslara, o cümlədən siyasi məhbuslara qarşı işgəncədən istifadə edilir. İnzibati həbs, işdən qanunsuz çıxarma, ailə üzvləri ilə hədələmə və başqa təhdidlərdən siyasi fəallara qarşı kütləvi istifadə olunur. Bütün bunların fonunda da ildə, bəzənsə 2-3 ildə bir dəfə əfv sərəncamları ilə cəzasının çox hissəsini çəkmiş bəzi siyasi məhbuslar azad edilir və Əliyevin lobbiçiləri onun ciddi islahatlara başladığı haqda dünyanın vacib paytaxtlarında kampaniya aparıb, dünyanı aldadır. Qərbdə özünü aldatmağa meylli bəzi siyasətçilər və diplomatlar da bu hiyləgər yalana inanır. Beləliklə, İlham Əliyev rejimi bir az rahatlayıb, həbsxanada boşaldılmış yerləri yeni siyasi məhbuslarla doldurur. Təsadüfi deyil ki, sonhncu əfv sərəncamından sonra da həbsxanalarda 100 nəfərdən artıq siyasi məhbus qalır.
Azəbaycan xalqı və beynəlxalq birlik nəhayət, Əliyevlər rejiminin hiyləgərliklə qoruyub saxladığı bu qapalı dairəni qırmağın vacibliyini qəbul etməli və bunun üçün üzrinə düşəni yerinə yetirməlidir.
Beynəlxalq aləm Azərbaycanda 19 ildir davam edən amansız repressiyalara adekvat reaksiya verməlidir. Nəhayət, "yaxşı və pis diktatorlar" yanaşması bitməlidir. Demokratik dünya "beynəlxalq terrorizmə töhvə verib", "Avropanın enerji təhlükəsizliyinə töhvə verir" bəhanələri və yanlış arqumentlərilə İlham Əliyev rejiminin amansız repressiyalarına göz yummaq praktikasına son qoymalıdır.
Azərbaycan xalqı isə hər yeni repressiya dalğasına daha mütəşəkkil qaydada dirəniş və siyasi fəallıq göstərməklə cavab verməlidir. Göstərməlidir ki, repressiyalar onu qorxutmur, əksinə repressiya ilə ömrünü uzatmaq istəyən rejimə qarşı qəzəb və hiddətini artırır. Xalqımız repressiya qurbanlarını hamılıqla müdafiə etməli, dinc mübarizə və seçki yolu ilə ölkənin yolunu açmaq, demokratiyaya keçidi təmin etmək üçün daha kütləvi şəkildə təşkilatlanmalı və mübarizəyə qoşulmalıdır", - deyə Milli Şuranın bəyanatında qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun