MEDİA-dan Venesiya Komissiyasının tənqidi rəyi barədə: "Mövqeyimizlə uzlaşan yanaşma sərgilənməsi təqdirəlayiqdir"

MEDİA-dan Venesiya Komissiyasının tənqidi rəyi barədə: "Mövqeyimizlə uzlaşan yanaşma sərgilənməsi təqdirəlayiqdir"
21 İyun 2022
Mətni dəyiş

Avropa Şurasının konstitusiya qanunu üzrə ekspertlərindən ibarət Venesiya Komissiyası iyunun 21-də məlumat yayaraq Azərbaycanda qəbul olunan "Media haqqında" qaanuna münasibət bildirib.  Komissiya rəyində qeyd edib ki, Azərbaycanın yeni Media Qanunu həddən artıq məhdudlaşdırılmış müstəqil jurnalistika və media mühiti fonunda “buxovlayıcı təsir” göstərəcək.

Venesiya Komissiyası bildirir ki, “Qanun Azərbaycanın media sektorunda demək olar hər şeyi, o cümlədən onlayn medianı tənzimləyə çalışır”, “medianın özünün ictimai keşikçi rolunu icra etməsinə gərəkən şərait yaratmaq əvəzinə medianın fəaliyyətini məhdudlaşdırmağa fokuslanır”. Rəydə deyilir ki, qanunun bir çox maddələri Avropanın ifadə və media azadlığı standartlarına uyğun deyil, ona görə də Qanun indiki formada yerinə yetirilə bilməz.

Qanun bu il fevralın 8-də prezident tərəfindən imzalanaraq qüvvəyə minib, ancaq bir sıra maddələri avqustun 8-dən tam həyata keçiriləcək, audio-vizual mediaya lisenziyalar veriləcək, Media Reyestri tam işə düşəcək.

Venesiya Komissiyası Azərbaycan hakimiyyətini təcili olaraq media orqanları təsis etmək üçün aşırı məhdudiyyətləri, o cümlədən xarici mülkiyyət və xaricdən maliyyələşmə ilə bağlı tələbləri ləğv etməyə çağırır.

Qeyd olunur ki, hökumət ya Media Reyestrini, ya da jurnalistlər və media qurumlarının bu reyestrə salınması üçün aşırı məhdudlaşdırıcı şərtləri, jurnalistlər üçün akkreditasiya sistemini ləğv etsin.

Qurumun digər tövsiyələri sırasında qanunun ifadə azadlığının qorunmasına dair Avropa Məhkəməsinin presedent hüququna uyğunlaşdırılması; jurnalistlərdən mənbələrin açıqlanmasını tələb etmək səlahiyyətinin yalnız məhkəmələrə verilməsi də var.

Venesiya Komissiyası hesab edir ki, platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməli, çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır.

Rəydə deyilir ki, audiovizual mediaya, həmçinin çap və onlayn media qurumlarının lisenziyasının ləğvi və xitam verilməsi şərtləri dəyişdirilsin, bu sanksiyaların adekvatlığı təmin edilsin.

Qurum həmçinin jurnalist anlayışını genişləndirməyə çağırır. Qanunun 7-9-cu maddələrinə əlavələri vacib sayır, fövqəladə vəziyyət zamanı ifadə azadlığının məhdudlaşdırılması üçün aydın və çatımlı hüquqi əsaslar təmin etməyə səsləyir.

Rəydə qeyd olunur ki, şəxsin razılığı olmadan gizli çəkilişə qadağa elə bir maddə ilə əvəzlənməlidir ki, belə bir materialın dərcinə aydın ictimai maraq olan hallar istisna sayılsın, üçüncü tərəflərin hüquqları təmin olunsun. Venesiya Komissiyası Mətbuat Şurasının mövcud modelinə Avropa standartlarına uyğun dəyişikliyi, onun müstəqil tənzimləyici orqan kimi fəaliyyətini təmin etməyi vacib sayır. Medianın İnkişafı Agentliyi də Venesiya Komissiyasının rəyilə bağlı açıqlama yayıb. Bildirilib ki, rəydə qeyd olunan bir sıra məsələlərlə bağlı Venesiya Komissiyası ilə uzlaşma əldə olunub. "Təəssüflə vurğulayırıq ki, bəzi media subyektlərinin Komissiyanın rəyində əks olunmuş fikirləri kontekstdən çıxararaq təqdim etməsi ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb və Azərbaycanda həyata keçirilən media islahatlarına tendensiyalı münasibətin nəticəsidir. Venesiya Komissiyasının öz rəyində Qanunun bir çox maddələrini müzakirə predmetinə çevirməməsi, MEDİA Agentliyinin mövqeyi ilə uzlaşan yanaşma sərgiləməsi təqdirəlayiqdir və beynəlxalq təşkilatla səmərəli dialoqun göstəricisidir", - deyə agentliyin məlumatında qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun