Norveçdə mənzillənmiş Iran Human Rights insan haqları təşkilatı bildirir ki, o, iyunun 6-da İranın cənub-şərqindəki Zahedan şəhərində qətl və ya narkotiklə bağlı 12 məhkumun asılaraq edam edildiyinə dair sübutlar əldə edib.
Qrup iyunun 7-də verdiyi bəyanatda bildirir ki, Zahedanın əsas həbsxanasında edam edilmiş məhkumlardan 11-i kişi və biri qadın olub.
Sistan-Bəlucistan ostanında sünni azlıqlarla bağlı məsələlərdən yazan Haluş saytı bildirib ki, edam olunanlardan 6-sı narkotiklə bağlı cinayətlərdə ittiham olunmuşdu.
Edam edilənlərin hamısı Zahedan şəhərindəndir.
Eyni mənbə edam edilənlərdən 6-sının “qətl” ittihamı ilə məhkum edildiyini bildirib.
Iran Human Rights qrupunun hesabatında deyilir ki, edam olunanların hamısı təkadamlıq kameralarda saxlanırdı.
Qrup xəbər verir ki, bu edamlar barədə İranın özündə heç bir məlumat verilməyib.
Etnik azlıqlar
İnsan haqları müdafiəçiləri İranda edamların, xüsusilə də milli azlıq nümayəndələrinin edamlarının artmasından narahatlıq ifadə edirlər.
Söhbət ilk növbədə etnik kürdlərdən, ərəblərdən və bəluclardan gedir.
Iran Human Rights təşkilatının hesabatında deyilir ki, 2021-ci ildə edam edilənlərin 21 faizi bəluclar olub.
Bu da xüsusi vurğulanır ki, bu etnik qrup İran əhalisinin yalnız 2-6 faizini təşklil edir.
Human Rights Activists News Agency (HRANA) agentliyi isə bildirir ki, İranda edamların 85 faizi “gizli və heç bir informasiya verilmədən” icra olunur.
İran 2017-ci ildən bəri ən çox edam həyata keçirən ölkədir.
Amnesty International bildirir ki, qlobal edamların tam yarısı İranda icra olunub.