Şəmkir sakini: "Saxta sənədlə satdıqları mülki məhkəməyə verib əlimdən aldılar"

Şəmkir sakini: "Saxta sənədlə satdıqları mülki məhkəməyə verib əlimdən aldılar"
14 İyun 2022
Mətni dəyiş

Bu günlərdə AbzasMediaya müraciət edən Şəmkir rayon sakini Tahir Allahverdiyev bildirir ki, aralarında vəzifəli şəxsin də olduğu bir qrup adam onu aldadaraq saxta sənədlə torpaq satıblar.

Onun sözlərinə görə, proses bununla bitməyib, sonradan məhkəmə yolu ilə ona aid olan torpağı və üzərində tikdiyi evi əlindən alıblar.

"1992-ci ildə Şəmkir rayonu Mehman Abdullayev küçəsi 21-də İsmayılov Hüseyn Babacan oğlundan və Şəmkir Rayon Məhkəməsinin icra nümayəndəsi Süleymanov Eyvaz Nadir oğlundan torpaq aldım. Mən fəhlə işləyirdim, yatmadım, gecə-gündüz durmadan işləyib o torpaqda bir ev tikdim. Barı çəkdim, bağ-baxça saldım. 2007-ci ildə torpağın ilkin qərarlarını kütləvi şəkildə yığırdılar, mən də sənədləri təqdim edəndə dedilər ki, bu sənədlər saxtadır, sizi aldadıblar. Bundan sonra, torpağı mənə satanlarla birlikdə getdim Torpaq və Xəritəçəkmə Komitəsinə. Orada məlum oldu ki, bu adamların adına torpaq olmayıb”. Tahir Allahverdiyevin sözlərinə görə, araşdırmalardan sonra aydınlaşıb ki, bu torpaq lap əvvəldən mərhum Ələkbərov Hümbət Əhməd oğlunun adına olub, İsmayılov Hüseyn Babacan oğlu və Şəmkir Rayon Məhkəməsinin icra nümayəndəsi Süleymanov Eyvaz Nadir oğlu saxta sənəd düzəltməklə torpağı ona satıblar.

Onun sözlərinə görə, bir müddət məsələ belə qalıb. 2007-ci ilin axırlarında işləmək üçün ailəsilə Bakıya gəlib.

“Torpağı mənə saxta sənədlə satanlar xəbər tutdular ki, biz Bakıdayıq və evdə sadəcə bir yaşlı kişi var. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən adamlar gətiriblər, evin eninə-uzununa ölçüsünü götürüb, gediblər. 2009-cu ildə torpağın ilk sahibi mərhum Ələkbərov Hümbət Əhməd oğlununun qəyyumlarına qarşı iddia qaldırıblar ki, guya ev bunlarındır. Şəmkir Rayon Məhkəməsi iş üzrə İsmayılov Hüseyn Babacan oğluna mülkiyyət hüququ verib. Biz Bakıda olduğumuzdan bundan xəbərimiz olmayıb”, - deyə Allahverdiyev bildirib.

Şikayətçi deyir ki, 2013-cü ildə İsmayılov Hüseyn Babacan oğlu ona qarşı Şəmkir Rayon Məhkəməsində iddia qaldırıb və o, zərərçəkmiş ola-ola bu iş üzrə cavabdeh elan edilib.

Onun sözlərinə görə, məhkəməyə saxta sənədlə aldadılması ilə bağlı faktları təqdim etsə də, hakim bunları görməzdən gəlib.

“Mən məhkəməyə faktları təqdim etdim ki, saxta sənədlə aldadılmışam. Bu günə qədər ödədiyim vergiləri və yaşayışla bağlı digər məlumatların rəsmi arayışını verdim, qonşular şahid kimi gəldilər ki, o torpaqda evi mən tikmişəm. Ancaq bütün bunlara baxmayaraq, məhkəmə mənim bir vəsatətimi də təmin etmədən qarşı tərəfin xeyirinə qərar çıxardı. 2015-ci ildə növbəti dəfə Şəmkir Rayon Məhkəməsi məni cavabdeh kimi cəlb edib, iş üzrə qarşı tərəfin xeyirinə qərar çıxardı. Bundan bir müddət sonra bütün evi bağ-baxça qarışıq buldozerə verib sökdülər", - deyə şikayətçi bildirib.

Tahir Allahverdiyev bununla bağlı hara müraciət etsə də, səsinin eşidilmədiyini bildirib. O, sonuncu dəfə sosial şəbəkələr üzərindən ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. AbzasMedia məsələ ilə bağlı qarşı tərəfin mövqeyini almaq istəsə də, cəhdlərimiz uğursuz oldu. Ancaq müraciət edəcəkləri təqdirdə, qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun