"Bu cür zorakı hərəkətlərlə hər hansısa bir qərarın dəyişilməsinə gətirəcək hal ola bilməz”

"Bu cür zorakı hərəkətlərlə hər hansısa bir qərarın dəyişilməsinə gətirəcək hal ola bilməz”
3 İyun 2022
Mətni dəyiş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyunun 2-də nazirliyin inzibati binasında İkinci Qarabağ Müharibəsi qazilərilə yaranmış gərginliklə bağlı açıqlama verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, nazirliyə gələn qazilərin bir neçəsi nazirliyin qəbul şöbəsinin qapısını təpiklə sındıraraq içəri daxil olublar və orada kompüter avadanlıqları da daxil olmaqla ümilikdə dövlət əmlakına zərər vurublar.

Onun sözlərinə görə, baş verən hadisələrə hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara müraciət edilib.

“Hər bir xəstəlik əlillik təyinatına əsas verə bilməz. Əlillik təyinatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlillik təyinatı ilə bağlı diaqnoz olduğu təqdirdə təsdiq edilir. Əlilliklə bağlı qərar müvafiq qurumların göndərişi əsasında, əyani müayinə ilə və həkim komissiyalarının rəyi nəzərə alınaraq verilir. Dövlət qurumuna bu cür təhdidedici və zorakı davranışlar sərgiləməklə hər hansısa bir qərarın dəyişilməsinə gətirəcək hal ola bilməz”, - deyə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

İyunun 2-də bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələrək nazir Sahil Babayevlə görüş tələb ediblər. Onlar şikayətlərinin nazir tərəfindən dinlənilməsini istəyiblər. Daha sonra vəziyyət gərginləşib və bəzi qazilər nazirliyin inzibati binasının qəbul şöbəsinin qapısının şüşəsini sındırıb, içəri daxil olublar. Onlardan biri huşunu itirərək yıxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun