AXCP: Niyaməddin Əhmədovu Qobustan həbsxanasına göndərmək istəyirlər

AXCP: Niyaməddin Əhmədovu Qobustan həbsxanasına göndərmək istəyirlər
17 İyun 2022
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun Qobustandakı qapalı həbsxanaya köçürülə biləcəyi bildirilir.  Bu barədə məlumatı partiyadan veriblər. Bildirilib ki, Pentensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat-rejim rəisi vəzifəsini icra edən Namiq adlı şəxs və əməliyatçı baş leytenant Şamil Xamıyev Niyaməddin Əhmədovu döyərək ona işgəncə veriblər. "Onun saçını qırxıb bir gecə cərimə kamerasında saxladıqdan sonra iyunun 16-da "barak"a qaytarıblar. Baş leytenant Xamıyev özünə arxayınlıqla ona bildirib ki, kimə istəyirsən şikayət et. Niyaməddin Əhmədova növbəti dəfə töhmət verilib və Qobustandakı qapalı həbsxanaya göndərilməklə hədələnib", - deyə partiyadan bildirilib.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb. Bu cəza başa çatdığı gün isə CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb. İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 13 il azadlıqdan məhrum edib. yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Niyaməddin Əhmədovu siyasi məhbus hesab edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun