9 İyun 2022
Mətni dəyiş
Avropa Parlamentinin deputatları “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsindən sonra” Aİ-nin xarici siyasəti, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı qətnamə qəbul ediblər. Sənəd Avropa Komissiyası və Aİ Şurasını Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verməyə çağırır.
"Deutsche Welle" xəbər verir ki, qətnamənin lehinə 438 deputat, əleyhinə 65, bitərəf 94 deputat səs verib.
Sənədin bəndlərindən birində deyilir: “Ukrayna xalqı ilə həmrəyliyin aydın siyasi əlaməti kimi Ukraynaya namizəd statusu verin”.
Deputatlar həmçinin Avropa ölkələrinin hakimiyyət orqanlarını “Ukraynaya lazım olan silahları dərhal verməyə”, “hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin yenidən qurulmasına maksimum töhfə verməyə hazır olmağa” və Ukraynanı kompensasiya etmək və bərpa etmək üçün dondurulmuş Rusiya aktivlərinin və vəsaitlərinin müsadirə edilməsinə görə “hüquqi mexanizm yaratmağa” çağırıblar”.
Avropa Parlamentinin deputatları “Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərin təhqiqatını, o cümlədən BMT-nin xüsusi tribunalının çağırılmasını” dəstəkləməyi tövsiyə edib.
Qətnamədə “Moldova və Gürcüstanın Avropa istəkləri” də qeyd olunur. Bu ölkələr ərizələrini Ukraynadan sonra veriblər. Lakin təqdim olunan sənəddə onlara namizəd statusunun verilməsi ilə bağlı tövsiyə yoxdur.
Ukrayna 24 fevralda Rusiyanın işğalı başlayandan dərhal sonra Aİ-yə üzv olmaq üçün müraciət edib. Mayın 9-da ölkə Aİ-yə namizəd statusu almaq üçün doldurulmalı olan anketin ikinci, sonuncu hissəsini təhvil verib.
Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz hesab edir ki, Ukraynanın Aİ-yə daxil olması prosesi illər boyu uzana bilər. İtaliyanın baş naziri Mario Draqi deyib ki, Aİ-nin əsas ölkələri Ukraynaya namizəd statusunun verilməsini dəstəkləmir. Almaniyanın xarici işlər naziri Annalena Burbok Ukraynaya Aİ-yə namizəd statusunun verilməsini heç bir güzəştlər olmaması şərtilə dəstəkləyib”.