Anar Məmmədli: "Azərbaycan Avropa Şurası ölkələri arasında yerli idarəçiliyə görə çox geridə qalan ölkələrdən biridir"

Anar Məmmədli: "Azərbaycan Avropa Şurası ölkələri arasında yerli idarəçiliyə görə çox geridə qalan ölkələrdən biridir"
8 İyun 2022
Mətni dəyiş

Bu günlərdə Azərbaycan hökumətinə yaxınlığı ilə bilinən media orqanlarında icra hakimiyyətlərinin ləğv olunacağı ilə bağlı məqalə dərc olunub.

Məqalədə qeyd olunub ki, yerli icra hakimiyyətləri orqanlarına hazırda davam etdirdikləri proqramları ilin sonuna kimi yekunlaşdırmaq tapşırılıb. Onlara bildirillib ki, növbəti ildən yerli icra hakimiyyətlərinə dövlət dəstəyi olmayacaq. Məqalədə iddia olunur ki, hökumət il sonuna kimi ümumiyyətlə yerli icra hakimiyyəti insitutunu ləğv etmək istəyir.

AbzasMedia məsələ ilə bağlı ekspert və siyasi partiya nümayəndələrinin fikrini öyrənib.

[caption id="attachment_114030" align="aligncenter" width="1000"] Elman Nəsirov[/caption]

Yeni Azərbaycan Partiyasının (YAP) Nəzarət Təftiş Komissiyasının üzvü, deputat Elman Nəsirov bildirir ki, bu cür məlumatlar sosial şəbəkələrdə yayılır və şaiə xarakteri daşıyır. Nəsirov deyir ki, belə bir məsələnin hökumətdə müzakirə olması ilə bağlı onda bir məlumat yoxdur, ancaq hansısa dəyişikliklərin ola biləcəyini də tam istisna etmir:

“Ölkə prezidenti cənab İlham Əliyev son müsahibələrinin birində vurğulamışdı ki, işğaldan azad olunmuş ərazilərdə idarəetmənin yeni forması tətbiq edilir, bu, prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi formasıdır. Prezident bildirmişdi ki, yeni idarəetmə forması uğurlu olsa, daha geniş tətbiqinə baxıla bilər. Burada birmənalı olaraq tətbiqindən yox, ancaq səmərəli olacağı halda tətbiqindən söhbət gedir”, - deyə Yeni Azərbaycan Partiyasının Nəzarət Təftiş Komissiyasının üzvü, deputat Elman Nəsirov bildirib.

[caption id="attachment_102621" align="aligncenter" width="1023"] Seymur Həzi[/caption]

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi bildirir ki, Azərbaycanda yerli icra hakimiyyəti sisteminin korrupsiyalaşmış bir sistem olduğu heç kimdə şübhə doğurmur.

Onun sözlərinə görə, mərkəzi icra hakimiyyəti orqanından qaynaqlanan şaxələnmiş yerli icra hakimiyyəti sistemi həm xalqın özünüidarə işlərində qarşısını alır, həm dövlət aparatı kimi ictimaiyyətə qarşı basqı rolunu oynayır, həm də yerlərdə olan digər icra hakimiyyəti orqanlarının fəaliyyətinin üzərində monopoliya yaradır.

“İndiki hakimiyyətin bu yerli icra hakimiyyəti sistemini ləğv edib, onun yerinə hakimiyyətin qollarının müstəqilliyini təmin edə biləcək, korrupsiyadan uzaq bir sistem gətirəcəyinə bizdə inam yoxdur. Əgər bu olacaqsa, yerli idarəetmənin hakimiyyətin içində əl dəyişməsi olacaq. Biz isə təklif edirik ki, Azərvaycanda yerli idarəetmə mütləq şəkildə bələdiyyələrə verilməlidir. Bələdiyyələrə həm öz təsərrüfatları, həm vergilər, həm də bələdiyyə səlahiyyətinə daxil olan digər xidmətlər hesabına maliyyələşməlidir. Dövlətin hesablayıcı qurumları aşkar etsələr ki, hansısa bələdiyyənin şəffaf gəlirləri idarəçilik üçün yetərli deyil, bu zaman dövlət datasiyası ayrıla bilər. Ancaq indiki halda belə bir mexanizmin qurulacağına AXCP-də inam yoxdur”, - deyə Seymur Həzi bildirib.

Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Şurasının üzvü Natiq Cəfərli deyir ki, REAL partiyası 2013-cü ildə elan olunan ilk proqram sənədində yerli icra hakimiyyəti orqanlarının ləğvini, əvəzində isə seçkili orqanların təyin olunmasını təklif edən partiyadır.

[caption id="attachment_79399" align="aligncenter" width="1050"] Natiq Cəfərli[/caption]

Onun sözlərinə görə, bu istiqamətdə ilk təkliflər verən partiya REAL partiyası olduğuna görə, indi ölkədə REAL-ın təklif etdiyi məsələlərin yenidən müzakirə edilməsi kifayət qədər pozitiv hadisədir.

“Yerli icra hakimiyyətləri orqanları öz dövrlərini başa vurublar. Yəni, onların sistem olaraq indiki idarəetmə sistemində yerləri yoxdur. Çünki icra hakimiyyəti başçıları həbs olunur, işdən çıxarılır, ancaq vəziyyət dəyişmir. Deməli sistemin özündə problem var. Əgər prezidentin elan etdiyi 14 iqtiasadi rayonun ərazi vahidinə çevrilməsi və həm də yerli idarəetmə insitutlarının genişlənməsi məsələsi ilə bağlı qanunvericilik dəyişiklikləri təşəbbüsü olarsa, biz partiya olaraq bunu dəstəkləməyə hazırıq. İcra hakimiyyətlərinə maddi dəstək olmadan onların ayaqda durması mümkün deyil, çünki dövlət büdcəsindən başqa digər leqal gəlirlər əldə etmək imkanları yoxdur. Ancaq böyük şəhər bələdiyyələri, yeri idarəetmə insitutları genişlənərsə, onların vergi toplamaq, rüsum tooplamaq haqqları var və buna görə də, onlar büdcənin formalaşmasında, sonradan büdcənin şəffaf xərclənməsilə bağlı seçiciləri qarşısında hesabatlı olacaqlar”, - deyə Natiq Cəfərli bildirib.

Müsavat Partiyası Aparatının rəhbəri Gülağa Aslanlı deyir ki, icra hakimiyyəti idarəetmə strukturlarının dəyişməsinin vacibliyini ölkə başçısı son çıxışlarının birində deyib. Onun sözlərinə görə, bu strukturların effektiv olmadığı göz qabağındadır.

[caption id="attachment_6070" align="aligncenter" width="1024"] Gülağa Aslanlı[/caption]

“Ölkə rəhbərinin təyin etdiyi İcra başçılarının səlahiyyət dairəsi xeyli yüksək olduğundan, onlar rayonlarda özlərini "kiçik padışahlar" kimi aparırlar. Yerli əhali tərəfindən seçilən vale, qubernator və ya Bələdiyyə başqanı idarəetmə strukturu dünyada qəbul edilən demokratik idarəetmə strukturlarıdır. Azərbaycan kimi avtoritar ölkələrdə belə strukturlara keçilmə şansı yüksək görünmür. Azad olunmuş ərazilərdə yeni yaradılan idarəetmə strukturları da birbaşa prezidentə tabe olma sistemi ilə qurulur. Belə hallarda rəhbər orqanın sərbəst qərar qəbul etmək, yeni təşəbbüslər irəli sürmək imkanları olmur. Müsavat Partiyası olaraq biz, ölkənin idarə edilməsinin bütün strukturlarının azad seçki vasitəsilə seçilmiş orqanlar tərəfindən həyata keçirilməsinin tərəfdarıyıq. Adın nə olması əsas deyil”, - deyə Gülağa Aslanlı bildirib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli deyir ki, bu söhbətlər hələlik şaiə xarakteri daşıyır, bununla bağlı rəsmi məlumat yoxdur. Ancaq mövcud yerli idarəçilik sistemi Avropa standartlarına cavab vermir. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında yerli idarəçiliyə görə çox geridə qalan ölkələrdən biridir.

[caption id="attachment_57970" align="aligncenter" width="1024"] Anar Məmmədli[/caption]

“Hələ də yerli icra hakimiyyətləri strukturu saxlanılır. Mərkəzi icra hakimiyyətlərinin yerlərdəki bütün fəaliyyətini seçkili orqan yox, təyinatlı orqan həyata keçirir. Yerlərdə vətəndaşların problemlərinin həlli, yerli büdcənin formalaşması, vergilərin toplanması, yerli proqramların tərtibatı, həyata keçirilməsi bələdiyyələrin səlahiyyətində deyil. Neçə ildirərdir regionların inkişaf proqramları tərtib olunur, ancaq bu prosesə demək olar ki, bələdiyyələr cəlb olunmur”, - deyə Məmmədli bildirir.

Ekspert deyir ki, yerli idarəçilik sistemi dəyişilməlidir. Onun sözlərinə görə, neçə illərdir ki, Avropa Şurasının müvafiq orqanları da Azərbaycandan yerli idarəçiliklə bağlı islahatların aparılmasını tələb edir.

“Bakı kimi böyük bir şəhərin idarəçiliyi təyinatla formalaşan icra başçısı tərəfindən aparılır. Yerli idarəçilikdə vətəndaşların iştirakı təmin olunmur, bələdiyyə şurası yoxdur, Bakı şəhərinin baş planı ilə bağlı heç bir məsələ Bakı sakinlərinin müzakirəsinə çıxarılmır. Digər bölgələrdə də vəziyyət eynidir. Bu məsələlər həllini tapmayana qədər, islahatlar məsələsi aktual olaraq qalacaq. Ancaq icra hakimiyyətləri ləğv olunsa, əvəzində prezidentin özünün xüsusi nümayəndəsi kimi bir idarəetmə forması gətirilsə, yenə yeni vəziyyət olacaq. Maksimum çalışmaq lazımdır ki, yerli idarəetmə orqanları mərkəzi icra hakimiyyəti orqanından asılı olmasın”, - deyə Anar Məmmədli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun