Vaşinqton hesab edir ki, Azərbaycan və Ermənistan sülh axtarışında və münasibətlərin normallaşması istiqamətində irəliləmək üçün real imkanlara malikdir. Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Karen Donfrid bildirib.
“Hesab edirəm ki, indi real ümid var ki, Azərbaycan və Ermənistan bu münasibətlərin normallaşması, sülh yolu ilə nizamlanma axtarışında irəliləmək imkanlarına malikdir”, - o deyib.
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyevlə bu yaxınlarda keçirdiyi görüşlə bağlı TURANın sualını cavablandıran Donfrid bildirib ki, Ermənistan və Azərbaycan münasibətlərindəki son hadisələr söhbətin əsas mövzularından biridir. “Və mən bilirəm ki, bu səfər zamanı Hacıyev ABŞ hökumətinin digər əsas rəsmiləri ilə də görüşüb”.
“Biz hər iki ölkənin, Azərbaycanın və Ermənistanın mühüm addımlar atdığını gördük. Bu, Birləşmiş Ştatların çox həvəsləndirdiyi bir şeydir”, o vurğulayıb.
Donfrid həmçinin Bakı ilə Yerevan arasında münasibətlərdə Avropa İttifaqının “kritik rolunu” qeyd edib.
Bütün region üçün əsas təhlükələr barədə sualı cavablandıran Donfrid “Rusiyanın Ukraynaya qarşı əsassız və amansız müharibəsi” adlandırıb və bu, NATO və Aİ-nin təmsil etdiyi Qərbin birliyinə gətirib çıxarıb.
Donfrid kritik infrastrukturu satın alaraq Avropada öz mövqeyini təmin etməyə çalışan Çinin roluna da toxunub. Çinin Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək mövqeyi avropalıların Çinlə bağlı “qorxusunu” daha da artırdı, o qeyd edib.