İyunun 2-də ABŞ Dövlət Departamenti dünyada dini dözümlülüyün vəziyyəti haqqında hesabat dərc edib.
"2021- ci ildə dünyada dini etiqad azadlığı haqqında məruzə" ABŞ Konqresinə təqdim olunan illik sənəddir ki, burada dünyanın təxminən 200 ölkəsində dini etiqad azadlığının vəziyyəti işıqlandırılır. Ölkələr üzrə bölmələr İnternetdə yer alıb.
Azərbaycana həsr olunmuş bölmədə deyilir ki, ötən ilin iyununda Prezident İlham Əliyev dini etiqad azadlığı haqqında qanuna 14 düzəliş imzalayıb. Digər məsələlərlə yanaşı, yeni düzəlişlər uşaqların dini ibadətə məcbur edilməsini qadağan edir, dini ekstremizmin təbliğini qadağan edir, dövlət qulluqçularının dini fəaliyyətlə məşğul olmasını qadağan edir, rəsmi dini mərkəzlərə dini titulları mənimsəməyə müstəsna hüquq verir və dövlət tərəfindən təsdiq olunmuş dini lider olmadıqda dini icmalardan fəaliyyətini dayandırmağı tələb edir.
"Hökumət düzəlişləri təhlükəsizliyin zəruriliyilə əsaslandırıb. Vətəndaş cəmiyyəti təşkilatları bildiriblər ki, dəyişikliklər din məsələlərini tənzimləyən dövlət orqanına, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə,dini qruplar üzərində daha çox nəzarət verib".
ABŞ səfiri və səfirliyin digər əməkdaşları Azərbaycanın hökumət məmurlarına müraciət edərək vətəndaş cəmiyyəti qruplarının iddialarına əsasən dini əqidəsinə görə həbs edilmiş şəxslərin azad olunmasını xahiş ediblər.
Onlar həmçinin hökumət məmurlarını kiçik dini icmaların qeydiyyatı prosesilə bağlı uzunmüddətli problemləri həll etməyə və konstitusiyada nəzərdə tutulduğu kimi, dini etiqadına görə hərbi xidmətdən imtina edən şəxslər üçün alternativ mülki hərbi xidmət tətbiq etməyə çağırıblar.
ABŞ-ın beynəlxalq dini azadlıq məsələləri üzrə səfiri Rəşad Hüseyn jurnalistlərin qarşısında çıxış edərək bildirib ki, qlobal hesabat "aydın şəkildə göstərir ki, hökumətlər və vətəndaş cəmiyyəti bütün dünyada pisləşən şəraitlə bağlı problemlərin həlli üçün əməkdaşlıq etməlidir".
Azərbaycan, Türkiyə və Rusiya kimi ölkələrdə vəziyyəti yaxşılaşdırmağa kömək etmək üçün Vaşinqtonun sərəncamında diplomatiyadan başqa digər alətlərin olub-olmaması barədə Turan-ın müxbirinin sualına cavabda səfir deyib: "Bir sıra alətlər var. Bu məsələlərin həllində irəliləyişə nail olmaq üçün hər situasiyada ən münasib şəkildə onları tətbiq etməyə çalışırıq”.
Onun sözlərinə görə, Vaşinqton öz dini əqidəsinə görə həbsxanalarda olan və təqiblərə məruz qalan şəxslərlə bağlı barədə məsələ qaldırmağa davam edəcək.