Yerli icra hakimiyyəti orqanları yanında gənclərdən ibarət məşvərətçi şuralar yaradılıb?

Yerli icra hakimiyyəti orqanları yanında gənclərdən ibarət məşvərətçi şuralar yaradılıb?
5 May 2022
Mətni dəyiş

Prezident İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərlə bağlı bir sıra əsas hədəflər müəyyənləşdirilmişdi.

Xüsusən, gənclərin dövlət idarəçiliyi istiqamətində bilik və bacarıqlarının artırılması barədə dəqiq tapşırıqlar qoyulmuşdu. Bunlardan birində qeyd olunurdu ki, yerli icra hakimiyyəti orqanları yanında gənclərdən ibarət məşvərətçi şuralar yaradılsın.

Ancaq sonrakı illərdə bu istiqamətdə hansısa addımlar atılması sual doğurur.

AbzasMedia bu suallara cavab tapmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına sorğu ilə müraciət etsə də, sorğuya cavab almaq mümkün olmadı.

Bəs ekspertlər bu barədə nə düşünürlər?

Millət Vəkili Vüqar İskəndərov deyir ki, konsepsiya qəbul edildikdən sonra belə şuralar yaradıldı.

Millət Vəkili Vüqar İskəndərov

Onun sözlərinə görə, bəzi bölgələrdə bu işə gənclərin marağı var idi, baş tutdu, bəzilərində isə üumumi maraq olmaığı üçün bu iş formal xarakter daşıdı.

“Ancaq uğurlu fəaliyyət göstərən belə təşkilatlar da mövcud idi. Xüsusilə, Yeni Azərbaycan Partiyasının gənclər təşkilatı, qyei-hökumət təşkilatlarının gəncləri rayonlarda işin qurulmasında aktiv iştirak ediblər və onların bu istiqamətdə rolu böyük olub”, - deyə Vüqar İskəndərov bildirib.

Article 54 İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı deyir ki, hazırda yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində gənclərin iştirakı ilə bağlı praktiki fəaliyyət yoxdur.

Article 54 İctimai Birliyinin həmtəsisçisi Əbülfəz Qurbanlı

Onun sözlərinə görə, buna baxmayaraq, 5-6 yerli icra hakimiyyətində beynəlxalq təşkilatların dəstəyilə gənclərdən ibarət məşvərət şuralarının yaradılması ilə bağlı təlim keçirilib.

“Ancaq hazırda nə icra hakimiyyətlərinin fəaliyyətində, nə də rəsmi saytlarında yayımlanan xəbərlər arasında belə bir orqanın fəaliyyətilə bağlı məlumatlara rast gəlmirik. Bu, uzun illərin çağırışlarından biri idi ki, əhalinin qeyri-fəal qrupları hesab olunan gənclər, eyni zamanda qadınlar ictimai iştirakçılıq prosesinə cəlb olunsun. Ancaq təəssüflər olsun ki, Azərbaycanda nəyinki bu iki qrup, eyni zamanda digər insanlar da qərarların qəbulu prosesində aktiv rol almırlar. Ancaq bu qurum yaransaydı belə, adından göründüyü kimi gənclərin aktivliyini artıracaq bir qurum deyil. Burada gənclər məşvərətçi hüquqa malikfir. Bu, gəncləri idarəçilik prosesindən kənar tutacaq məqamdır. Niyə gənclər həlledici bir orqanda təmsil olunmasınlar? Əgər məqsəd gənclərin iştirakçılığını arıtrmaqdırsa, 2 il bundan əvvəl keçirilən bələdiyyə seçkilərində xeyli gənc namizədlər var idi, onların seçki kampaniyalarına müdaxilələr olmasaydı, azad və ədalətli seçkilər keçirilsəydi və o gənclər bələdiyyələrə seçilsəydilər, biz görərdik ki, artıq həmin məqsədə çata bilərik. Hazırki vəziyyətdə isə gənclərin təmsilçiliyi ilə bağlı tutarlı bir fakta rast gəlmək mümkün deyil”, - deyə Əbülfəz Qurbanlı bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun