Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “dəyirmi masa" keçirilib

Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “dəyirmi masa" keçirilib
5 May 2022
Mətni dəyiş

Mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günündə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda söz azadlığının vəziyyətinə dair konfrans keçirib.

Müzakirələrdə jurnalistlər, ictimai xadimlər və media üzrə ekspertlər iştirak ediblər.

RATİ-nin məlumatına görə, çıxış edənlər söz azadlığı ilə bağlı vəziyyəti müzakirə edib, müstəqil jurnalistlərə, blogerlərə və fəallara təzyiq mövzusuna toxunublar.

Çıxışçılar arasında Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Demokratik Qüvvələrin Milli Şurasının üzvü, publisist Tofiq Yaqublu, bloger Mehman Hüseynov, siyasi fəal İlkin Rüstəmzadə, RATİ-nin icraçı direktoru Emin Hüseynov, jurnalist Çingiz Sultansoy, teleaparıcı Sevinc Osmanqızı, iqtisadi icmalçı Qubad İbadoğlu, hüquq müdafiəçisi Avtandil Məmmədov və başqaları olub.

Keçmiş vicdan məhbusu Tofiq Yaqublu deyib ki, azad mətbuatsız cəmiyyət birmənalı olaraq azad ola bilməz.  Rusiyanı nümunə göstərmək olar. Ölkədə söz azadlığı yoxdur və diktator Putin bundan istifadə edərək xalqı müharibəyə cəlb etdi və bütün dünya üçün ciddi problemlər yaratdı.

Xaricdə yaşayan jurnalist Çingiz Sultansoy deyib ki, ölkənin əsas problemi təhsilin keyfiyyətinin və cəmiyyətin fəallığının aşağı olmasıdır. Hakimiyyət əhalinin passivliyindən istifadə edərək mətbuata və cəmiyyətə təzyiqləri artırır. Mühacirətdə olan jurnalistlər və fəallar daha aktiv olmalıdırlar.

Əgər Ukrayna müharibəni qazanarsa və Putin məcburən hakimiyyəti tərk edərsə, dünyada demokratikləşmə dalğası başlayacaq ki, buna da mətbuat azadlığı daha çox lazımdır.

Jurnalist Avtandil Məmmədov xaricdəki jurnalistlərə təzyiqlərə toxunub. Onun sözlərinə görə, son illər ölkə hüdudlarından kənarda jurnalistlərə təzyiqlər artıb, mühacirətdə olan tənqidçilərin həyatına sui-qəsdlər, həmçinin barışmaz səslərin Azərbaycana məcburi ekstradisiyası üçün İnterpol kimi strukturlardan istifadə cəhdləri artıb.

Araşdırmaçı-jurnalist Mehman Hüseynov qeyd edib ki, Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyət kritik həddə çatıb. Son aylar “Sancaq” korrupsiya əleyhinə araşdırma layihəsinin əməkdaşlarının ünvanına təhdidlər getdikcə daha tez-tez səslənir. Bizim araşdırmaçı- jurnalistlərdən, o cümlədən, məndən qanunsuz olaraq tələb edirlər ki, korrupsiyaya qarşı araşdırmaları dayandıraq. Əsasən bu, Ukraynada müharibə başlayandan sonra özünü daha çox göstərir.

İctimai fəal İlkin Rüstəmzadə sosial şəbəkələrdə aşağı keyfiyyətli təbliğatdan narahatlığını ifadə edib. Bu, gənc nəsildə tənqidi təfəkkürün formalaşmasına və inkişafına ciddi ziyan vurur. Bu mənada əsasən aşağı keyfiyyətli, mənasız materialların yer aldığı TikTok ciddi problem yaradır. Azərbaycan hakimiyyəti əhalinin, xüsusən də gənclərin təhsil səviyyəsinin aşağı və zəif olmasında maraqlıdır.

Turan agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, hökumət əvvəlki illərdə olduğu kimi, mətbuat azadlığının kökünü sistemli şəkildə kəsməkdə davam edir. Son illər bu istiqamətdə aparılan siyasət acınacaqlı nəticələr verib. Əliyevin fikrincə,  2021-ci ilin sonunda qəbul edilmiş yeni repressiv media haqqında  qanun ən ciddi təhlükə kimi hesab edilməlidir. Hakimiyyət cəmiyyətlə normal əməkdaşlıq mühitinin yaradılmasında maraqlı olmadığını göstərir.

Beynəlxalq təşkilatlar  müstəqil KİV və jurnalist təşkilatları ilə əməkdaşlıqdan çəkinirlər və əksər hallarda Azərbaycanda informasiya cəmiyyətində islahatların imitasiyasına şərik olurlar ki, bu, Azərbaycan hakimiyyətinin əvvəlcədən müəyyən etdiyi məhdud sərhədlər çərçivəsində həyata keçirilir.

İqtisadçı ekspert Qubad İbadoğlu xüsusilə qeyd edib ki, bu gün ölkədə hakimiyyət informasiya üzərində demək olar ki, tam inhisara malikdir. Bu, azad mətbuata mənfi təsir göstərir və hakimiyyətdə olanların korrupsiya özbaşınalıqlarına şərait yaradır. Müstəqil məhkəmə sisteminin olmaması da informasiya və mətbuat azadlığını ciddi şəkildə məhdudlaşdırır. Azad KİV və müstəqil jurnalistlərin sayının ildən-ilə azalması korrupsiyanın çiçəklənməsinə gətirib çıxarır. İbadoğlu ona da təəccüblənir ki, bəzi beynəlxalq təşkilatlar tənqid əvəzinə əsassız və bəzən açıq şəkildə korrupsiyaya qarşı mübarizədə müsbət irəliləyişlərə işarə vururlar, halbuki, reallıqda tam tənəzzül gedir və vəziyyət hər gün daha da pisləşir.

Jurnalist Sevinc Osmanqızı bildirib ki, Rusiyada hərbi əməliyyatlar zamanı bəzi ifadələrin işlədilməsinin qadağan edilməsi haqda qanunlar dünyada ciddi müzakirə olunur. Lakin Azərbaycanda qəbul edilən “Media haqqında” qanun KİV azadlığının boğulması yolunda daha ciddi addım sayıla bilər. Lakin dünya ictimaiyyəti buna lazımi reaksiya vermədi. Bu qanunun tam təsirini artıq bu ilin ikinci yarısında görmək olar. Ölkə əhalisinin ictimai-siyasi şüurunun və tənqidi düşüncəsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində müstəqil mətbuatın üzərinə heç vaxt olmadığı kimi tarixi məsuliyyət düşür.

Hüquq müdafiəçiləri və jurnalist Emin Hüseynov əlavə edib ki, çıxış edənlərin qaldırdığı problemlərin kökündə məhkəmə və qanunvericilik orqanlarını özünə tabe etdirmiş səmərəli dövlət idarəçiliyinin olmaması dayanır. Açığı, ölkənin problemlərinin əsas mənbəyi korrupsiya və iqtidardakı kleptokratlardır ki, onlar azad mətbuatı, müstəqil QHT-ləri, demokratik təsisatları məhv etməklə qanunsuz zənginləşməni gizlətməyə çalışırlar. Uzun illər hakimiyyətdə qalmaqda davam edən dövlət məmurları illərdir hakimiyyətin əsas və yeganə mənbəyi - Azərbaycan xalqı qarşısında hesabatsız qalırlar. Müstəqil KİV və korrupsiyanı ifşa edən araşdırmaçı jurnalistlər qarşıdakı aylarda və illərdə Azərbaycan hakimiyyətinin əsas hədəfi olacaqlar. Bu mühüm mövzu ilə bağlı növbəti ictimai müzakirələri 22 iyul 2022-ci il - Azərbaycan Milli Mətbuat Günündə birgə keçirməyi təklif edirəm”, - Emin Hüseynov fikrini yekunlaşdırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun