Mayın 18-də “Azovstal” müdafiəçilərinin anaları Ankarada Türkiyə rəsmilərilə iki mühüm görüş keçiriblər.
Ukraynalı qadınlar məmurlara müraciət edərək Türkiyə tərəfinin Mariupol müdafiəçilərinə hörmətin qarantı olmasını və “Azovstal”ı müdafiə edən döyüşçülərin ələ salınmasına və məhv edilməsinə yol verməməsini xahiş ediblər.
Analar Türkiyə Cümhuriyyəti Ədalət və İnkişaf Partiyasının (ölkənin hakim partiyası) birinci müavini Numan Kurtulmuşla söhbət ediblər.
Bundan əlavə, Ukrayna-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Tuğrul Türkeş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Yalçın Topçu ukraynalılarla görüşüb.
“Azovstal” müdafiəçilərinin analarının və xanımlarının narahatlığı əsassız deyil. Rusiya Federasiyası Baş Prokurorluğu “Azovstal” müdafiəçilərinin özəyi olan “Azov” batalyonunun terror təşkilatı kimi tanınması ilə bağlı Rusiya Ali Məhkəməsində iddia qaldırıb. Məhkəmə çəkişməsi mayın 26-da Rusiya Federasiyası Ali Məhkəməsinin binasında keçiriləcək.
Sayı 2000 nəfər olduğu bildirilən “Azovstal” müdafiəçiləri qida və silah-sursat ehtiyatlarının azalması səbəbindən ali komandanlığın əmrilə könüllü olaraq silahlarını yerə qoymağa başlayıblar. Tam mühasirədə müqavimət 82 gün davam edib.
“Azov” Ukrayna Milli Qvardiyası Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində xüsusi təyinatlı əlahiddə dəstədir.