27 May 2022
Mətni dəyiş
Türkmənistan prezident Serdar Berdiməhəmmədovun anası Oqulgerek Berdiməhəmmədovaya "Türkmənistanın Əməkdar Xalçaçısı" fəxri adı verilib. Bu qərar “Neytral Türkmənistan” hökumət qəzetində dərc olunub.
Prezidentin anasına bu ad "Türkmənxalça" dövlət birliyinin xahişi ilə “Türkmənistanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində, milli xalçaçılıq sənətinin inkişafında, xalçaların möhtəşəm naxışlarla bəzədilməsində və uzun illərin gərgin və vicdanlı əməyinə, peşəkar ustalığına görə” xidmətlərinə görə verilib.
Sənəddə Berdiməhəmmədova "türkmən xalçaçılıq sənətinin inkişafına, təkmilləşdirilməsinə, gələcək nəsillərə çatdırılmasına, müqəddəs Vətənin şərəfli inkişafının bütün dünyada tərənnümünə layiqli töhfələr vermiş mahir xalçaçılardan biri" kimi qeyd edilib.
Berdiməhəmmədova ilə bərabər daha 11 xalçaçı da eyni ada layiq görülüb.
“Türkmənistanın əməkdar xalçaçısı” fəxri adı 1991-ci ildən mayın son bazar günü qeyd olunan türkmən xalça bayramı ərəfəsində verilir.
Türkmənistanın geniş ictimaiyyəti hələ də keçmiş birinci xanım və hazırkı prezidentin anası Oqulgerek Berdiməhəmmədova haqqında sadə faktlardan xəbərsizdir: onun neçə yaşı var və nə işlə məşğuldur. Qurbanqulu Berdiməhəmmədov həyat yoldaşını xarici səfərlərə aparmayıb. Rəsmi Türkmən nəşrləri əvvəllər heç vaxt Berdiməhəmmədovanın şəklini dərc etməyib, ilk dəfə onun fotosu yalnız keçən il mediada yer alıb.