12 May 2022
Mətni dəyiş
Türkiyə və Qazaxıstan "ANKA" zərbə dronlarının birgə istehsalına dair müqavilə imzalayıb. Bu barədə “Türk Havacılık ve Uzay Sanayii AŞ” (TUSAŞ) istehsalat şirkətinə istinadən məlumat verilib.
Türkiyə Dövlət Aerokosmik Şirkəti Qazaxıstan Mühəndislik şirkəti ilə müqavilə imzalayıb. Pilotsuz təyyarə tərtibatçısının sözlərinə görə, əməkdaşlığa istehsalla yanaşı, Qazaxıstandakı müştərək müəssisədə PUA-ların texniki xidməti və təmiri də daxildir.
"ANKA" pilotsuz uçuş aparatı 350 kiloqrama qədər faydalı yük daşıya bilir. O, səkkiz tank əleyhinə raket və ya dörd hava bombası ilə təchiz oluna bilər. Türkiyə ordusu bu cür cihazlardan 2020-ci ildə Suriyada hərbi əməliyyatlar zamanı istifadə edib.
Zərbə vuran pilotsuz təyyarələrin birgə istehsalına dair saziş Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Türkiyəyə rəsmi səfəri zamanı imzalanıb.
Ümumilikdə, Qazaxıstan və Türkiyə nümayəndə heyətləri arasında aparılan danışıqların yekunlarına əsasən, tərəflər “Qazaxıstan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlığı tənzimləyən” 14 sənəd imzalayıblar, Qazaxıstan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
"İmzalanmış ümumi bəyannamə sayəsində tərəfdaşlığımızı yeni strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. Türkiyə və Qazaxıstan iki qardaş ölkədir. Biz Qazaxıstanda sabitliyə və əmin-amanlığa böyük diqqət yetiririk", Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tokayevlə görüşdən sonra deyib.
Tokayev 2019-cu ildə dövlət başçısı vəzifəsinə başladıqdan sonra ilk dəfə Türkiyəyə rəsmi səfər edib. Onun səfəri Rusiyanın Ukraynaya davam edən hərbi müdaxiləsi fonunda baş tutub. Bəzi ekspertlər qeyd edirlər ki, indi Ankaranın Moskvanın təsir zonası hesab etdiyi Mərkəzi Asiya dövlətləri ilə əlaqələri gücləndirmək imkanı var.
Türkiyə Kiyev və Moskva arasında aparılan danışıqlarda vasitəçilərdən biridir. Qazaxıstan Ukraynanın işğalı zamanı Rusiyaya dəstək verməkdən imtina edib və mayın 9-da hakimiyyət Rusiyanın hərbi təcavüzü ilə əlaqəli olan Müqəddəs Georgi lentləri və Z hərfi kimi rus simvollarından istifadəni qadağan edib.