31 May 2022
Mətni dəyiş
Gürcüstanın paytaxtı Tiflisdə bir neçə transgender qadın onlarla kişi tərəfindən fiziki və şifahi təhqir, eyni zamanda təhdidlərə məruz qalıb. Bu barəd “Formula 1” kanalının müxbiri Tamuna Museridze Facebook hesabında bildirib.
OC Media hadisə ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinın araşdırmalara başladığını yazıb. Adının açıqlanmasını istəməyən zərərçəkənlərdən biri gecə saat 02:00-da evə qayıdarkən evdə tanımadığı şəxslə qarşılaşdığını deyib:
"Yataq otağımın yanında bir kişinin dayandığını gördüm və məndən onunla cinsi əlaqədə olmağımı tələb etdi. Təbii ki, imtina edib onu mənzildən qovdum. Sonra o, məni hədələyərək “Səni öldürəcəm. Bilirəm ki, tək yaşamırsan", zərərçəkən deyib.
Daha 4 transgenderlə eyni mənzildə yaşayan qadın hadisə barədə polisə məlumat verib və müstəntiqlər hadisə yerinə gəliblər. Onun sözlərinə görə, polisin müdaxiləsindən sonra vəziyyət bir az “sakitləşib”, lakin sonradan yenidən gərginləşib:
"İki ev yoldaşım qayıdanda taksidən düşən kimi 3 nəfərin hücumuna məruz qalıb. Həmin şəxsləri dostları da izləyirdi və ümumilikdə 30-a yaxın adam var idi", o söyləyib.
Binanın sahibi olan, adının açıqlanmasını istəməyən yaşlı qadın “Formula 1” kanalına bildirib ki, çöldən qışqırıqlar eşidib, sonra isə kirayənişinlərinin hücuma məruz qaldığını görüb.
Onların sözlərinə görə, hücum edənlər hamısını hədələyərək yenidən gələcəklərini deyiblər. Qadınlar onu da iddia ediblər ki, kişilər onlara daş atıb və beton bloklarla hücum ediblər. Zərərçəkənlərdən biri üzü tanındığına görə, gün ərzində çölə çıxa bilmədiyini, ev yoldaşlarının da eyni vəziyyətdə olduğunu vurğulayıb.
“Tbilisi Pride”, “Temida” və Gürcüstanda LGBTQ+ hüquqlarını müdafiə edən təşkilatlar hadisəni qınayıblar. Qadın Təşəbbüskarlığına Dəstək Qrupunun araşdırmasına görə, transgenderlər digər LGBTQ+ fərdlərinə nisbətən daha çox nifrət zəminində cinayətlərin qurbanı olurlar.