Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi (MKTB) tender elanı yayımlandan sonra yaranan şirkəti qalib elan edib. MKTB son 3 satınalma müqaviləsini həmin şirkətlə bağlayıb.
Etender.gov.az saytında dərc olunan məlumata görə, tenderlərin qalibi “Palma-Z” MMC (VÖEN – 3601462631) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Palma-Z” MMC Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 21 min 640 manat dəyərində nəqliyyat vasitələrinin cari təmi üçün ehtiyat hissələri, 13 min 190 manat dəyərində elektrik mal-materialı, 12 min 958.5 manat dəyərində isə işçi ləvazimatları və mal materialın alınmasını təşkil edəcək.
Tender müsabiqəsinin qalibi olan “Palma-Z” MMC 05.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır.
Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə kotirovka sorğusunu MMC-nin dövlət qeydiyyatına alındığı gündən bir gün əvvəl – 04.04.2022-ci il tarixində elan edib.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır. Bu səbəbdən tender elan olunduğu gündən bir gün sonra yaranan şirkətin hansı təcrübəsinin olduğu aydın deyil.
Tenderi keçirən Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Ağstafa rayon İcra Hakimiyyətinə tabedir. Hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucovdur.