Əfqanıstandakı “Taliban” hökuməti ölkənin ikipalatalı parlamenti olan Milli Şuranı, həmçinin Milli Barışıq, İnsan Hüquqları şuralarını və Konstitusiyanın icrasına nəzarət üzrə Komissiyanı buraxıb.
Bu barədə “Taliban” hərəkatının lideri Heybətullah Axundzadənin göstərişi ilə Əfqanıstanın de-fakto hökumət başçısı Məhəmməd Həsən Axund qərar imzalayıb.
Adları çəkilən qurumların buraxılması dövlət büdcəsinə qənaətlə əlaqələndirilib.
“Taliban” qruplaşması 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Qruplaşma daha mülayim siyasi xətt yürüdəcəyini sübut etməyə çalışırdı. Onlar yeni parlament seçkilərinin keçiriləcəyini də vəd etmişdilər.
“Taliban” 1994-cü ildə yaradılıb. 1996-2001-ci illərdə Əfqanıstanın əksər ərazisinə nəzarət edib.
2001-ci il sentyabrın 11-də ABŞ-dakı terror aktlarından bir müddət sonra Vaşinqton Əfqanıstana hərbi müdaxilə edib və “Taliban” hakimiyyətdən uzaqlaşdırlıb. Yeri gəlmişkən, onların indiki hökuməti əvvəlki kimi hələ də dünya birliyi tərəfindən tanınmayıb.