Tahir Rzayev: "Mitinqlə heç nə əldə etmək olmur, İlham Əliyevə dönə-dönə minnətdar olmalıyıq"

Tahir Rzayev: "Mitinqlə heç nə əldə etmək olmur, İlham Əliyevə dönə-dönə minnətdar olmalıyıq"
11 May 2022
Mətni dəyiş
Milli Məclisin deputatı Tahir Rzayev jurnalist Aytən Məmmədovanın, bir müddət əvvəl isə Bəxtiyar Hacıyevin hədələnməsinə münasibət bildirib. Millət vəkili deyib ki, guya ölkədə müxalif siyasi nümayəndələr təqib edilirlər. Onun sözlərinə görə, bu, belə deyil. "Onlar dövlət haqqında yalan məlumatlar yayırlar. Bu fikirləri səsləndirənlər sorğuya çəkilməlidirlər, hər kəs sözünə, davranışına görə məsuliyyət daşımalıdır. Bəxtiyar Hacıyev, Aytən Məmmədova hansı böyük siyasi partiyanın üzvü, ictimai siyasi xadimdir ki, onları qabardırlar?! Nəyə görə əsassız yerə mitinq təşkil edilməlidir? Qanunu bilirlərsə, müdafiəni düzgün şəkildə həyata keçirsinlər. Mitinqlə heç nə əldə etmək olmur. Belə mitinqlər hərc-mərclik dövründə bizim başımıza çox oyunlar gətirib. İndi onsuz da azad söz var, sözünü de, mütləq ki, eşidiləcək. Bunların hamısı bəhanədir. Bu gün ölkədə ictimai-siyasi sabitlik bərpa edilib və insanların dinc hərəkəti təmin olunubsa, buna görə cənab Prezident İlham Əliyevə dönə-dönə minnətdar olmalıyıq. İndi 5-10 nəfər ortaya düşüb ki, mitinq keçiririk. Mitinqin təşkil olunması üçün ölkədə ciddi səbəb olmalıdır. Misal üçün, iqtisadi və ya siyasi böhran yaşandığı halda mitinqin təşkili normaldır. Həmçinin, mitinqi şəhərin mərkəzində təşkil etmək olmaz. Biz şahidiyik ki, özünü demokratik adlandıran dövlətlərdə qanunsuz mitinq keçirənlərə necə divan tuturlar", - deyə Tahir Rzayev bildirib. Son günlər ölkədə siyasətçilərin, ictimai fəalların və jurnalistlərin təqibə, qaçırılmaya və işgəncəyə məruz qalmasına etiaz olaraq, bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi 14 maya mitinq təyin edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun